İyul 20, 2023 16:04 Asia/Baku
  • Ararat Mirzoyan: Azərbaycan beynəlxalq məhkəmənin qərarlarına məhəl qoymur

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanı özbaşınalıqla ittiham edib.

Erməni nazir ATƏT-in Baş katibi Helqa Şmidlə görüşündə bildirib ki, Qarabağ xalqının hüquqları və təhlükəsizliyi məsələsi beynəlxalq mexanizm çərçivəsində həll olunmalıdır.

Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin hüquqi qüvvəyə malik iki məlum qərarına məhəl qoymayaraq, Laçın dəhlizini blokadada saxlamaqda israrlıdır.

A.Mirzoyan sonra Avropanın qonşuluğunda humanitar fəlakətin baş verdiyini və Qarabağ ermənilərinin etnik təmizlənməyə məruz qaldığını iddia edib. “Bu tragediyanın qarşısının alınması üçün beynəlxalq aktorlar aktiv fəaliyyətə keçməli və mövcud mexanizmlərdən səmərəli istifadə etməlidirlər”, - deyə Ermənistanın XİN başçısı vurğulayıb.

Bu arada Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Mirzoyanın ittihamlarını cavabsız qoymayıb. Nazirlik Ermənistanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığı bildirib.

Qeyd olunur ki, Qarabağ əhalisi dedikdə yalnız erməni sakinlərin hüquqlarının nəzərdə tutulması və bu torpaqlardan qovulmuş azərbaycanlı sakinlərin hüquq və təhlükəsizliyinin gözardı edilməsi qəbuledilməzdir.

Nazirlik xatırladıb ki, Azərbaycan erməni sakinlərlə dialoq təşəbbüsü ilə çıxış edən tərəfdir, bununla yanaşı, Ermənistan tərəfinə aydın olmalıdır ki, Azərbaycan ölkədə yaşayan bütün etnik azlıqların hüquq və təhlükəsizliyini bərabər şəkildə təmin edir və edəcək.

 

Teqlər