Paşinyan qonşuluq siyasətinin prioritet olduğunu deyir:
“İran və Türkiyə bizim qonşumuzdur, amma Rusiya və ABŞ belə deyil”
Ermənistanın baş naziri ölkəsinin qonşuluq siyasətinə üstünlük verdiyini açıqlayıb.
Nikol Paşinyan “Frans Press” agentliyinə müsahibəsində Türkiyə, İran, Gürcüstan və Azərbaycanın Ermənistanın qonşuluğunda olmasına toxunaraq deyib: “Bir gün İran və ya Türkiyənin bu bölgədən çəkilməsini görmək ehtimalı sıfıra bərabərdir, lakin bu, geosiyasi mərkəzlər haqda belə deyil”.
O, regiondakı vəziyyətlə bağlı sualı cavablandıraraq qeyd edib: “Biz burada yaşayırıq, Rusiya ilə Amerika arasında yaşamırıq, Rusiya ilə Amerika arasında yaşayan Avropadır. Biz Gürcüstan, İran, Türkiyə və Azərbaycan arasında yaşayırıq və sual budur ki, qonşularımızla münasibətlərimizi necə idarə etməliyik? Təəssüf ki, biz Moskva, Vaşinqton və Brüssel vasitəsilə fəaliyyət göstəririk. Problemlərimizin səbəbi budur”.
Paşinyan söhbətinin davamında Azərbaycan hakimiyyətini tənqid etməyi unutmayıb: “Məncə, danışıqların gedişinə mane olan ən mühüm şey Azərbaycanın davam edən aqressiv ritorikası, nifrətin qızışdırılması, ermənilərə və hər bir erməniyə qarşı nifrət aktları, “Dağlıq Qarabağ” ermənilərindən qisas almaq siyasətidir”.
Paşinyan bildirib ki, bu prosesdə onun qırmızı xətləri Ermənistanın ərazi bütövlüyü və suverenliyi, eləcə də Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyidir.
“Qarabağ xalqının hüquqları və təhlükəsizliyi məsələsi “dq” nümayəndələrinin iştirakı ilə aparılan dialoq və danışıqlar nəticəsində həll edilməlidir. Biz buna Bakı-Xankəndi dialoqu deyirik. Azərbaycan isə Ermənistanın bu prosesdə marağını Azərbaycanın ərazi bütövlüyünə qəsd kimi qəbul edir və şərh edir”, - deyə Ermənistanın baş naziri vurğulayıb.