İyul 27, 2023 12:50 Asia/Baku
  • Harutyunyan: Əsas siyasi məsələlər həll olunmalıdır!

Qarabağdakı separatçı rejimin başçısı Azərbaycan Respublikası ilə dialoq qurmağa hazır olduğunu deyib.

Qondarma Dağlıq Qarabağ Respublikasının başçısı bildirib ki, əsas siyasi məsələlər, yəni Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları ilə bağlı məsələlər, o cümlədən onların öz müqəddəratını təyin etmək hüququnun tanınması və müdafiəsi ilə bağlı məsələlər həll olunmayana qədər Azərbaycan-Qarabağ münaqişəsi həll olunmuş hesab edilə bilməz.

Arayik Harutyunyan jurnalistlərlə görüşdə deyib: “Azərbaycan-Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll edilməlidir. Artsax Respublikası münaqişənin balanslaşdırılmış, ədalətli və ləyaqətli həllinə nail olmaq üçün Azərbaycanla danışıqlara həmişə açıq olub. Biz güman edirik ki, danışıqlar razılaşdırılmış beynəlxalq format çərçivəsində müvafiq mandatla aparılmalıdır”.

Separatçı liderin sözlərinə görə, danışıqlar hər iki tərəfin səmimi istəyinə əsaslanmalıdır. Bir tərəfin iradəsini digər tərəfə sırımaq üçün nümayişkaranə olmamalıdır.

Harutyunyan həmçinin bildirib: “Beynəlxalq ictimaiyyət danışıqlar prosesi çərçivəsində heç bir güc və ya güc təhdidi tətbiq olunmayacağına zəmanət verməlidir”.

Onun fikrincə, blokadanın başa çatması danışıqlara başlamaq üçün əlverişli şərait yaradacaq.