Metyü Miller:
“Hər iki tərəf çətin kompromislərə getməlidir”
ABŞ bir daha Azərbaycan Respublikası və Ermənistanı çətin güzəştlərə getməyə çağırıb.
Bazar ertəsi ABŞ bəyan edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin “əlçatan səviyyədə"olduğuna "inanmağa davam edir".
"Biz sülh sazişi haqqında danışmağa davam edirik və əvvəlkitək inanırıq ki, sülh sazişi əlçatan səviyyədədir",- gündəlik brifinq zamanı Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyü Miller bu yaxınlarda dövlət katibi Entoni Blinken və Azərbaycan prezidenti İlham Əliyevin telefon danışığı ilə bağlı Turan-ın sualını cavablandırarkən deyib.
Mətbuat katibi əlavə edib: "... Lakin biz hər zaman deyirdik ki, hər iki tərəf çətin kompromislərə getməlidir və məhz buna görə də dövlət katibi Ermənistan və Azərbaycan liderlərini bu kompromislərə razı salmaq üçün onlarla danışmağa davam edib”.
Beləliklə ABŞ dövlət katibinin Ermənistan və Azərbaycan rəhbərləri ilə təkrar telefon danışıqlarında eləcə də Vaşinqtonda tez tez iki ölkənin XİN başçılarının görüşünü təşkil etməkdə məqsədi məlum olub. Tərəfləri çətin kompromislərə vadar etmək. Bu isə vaxtı ilə Minsk qrupunun həmsərdlərinin bəyanatlarını xatırladır. Onlar da regiona səfərlərində və hər bir görüşdən sonra kompromislərin vacibliyini vurğulayırdılar. Ancaq o zaman bu anlaşılan idi. Bir tərəfdə Azərbaycan Respublikası ərazilərinin 20 faizini öz nəzarətində saxlayan Ermənistan dururdu və qarşı tərəfdə müharibədə məğlub olaraq torpaqlarını itirmiş və onu qaytarmaq istəyən Azərbaycan. Beləliklə İrəvanın torpaqları Bakıya qaytarması onun güzəşti hesab oluna bilərdi və bunun qarşısında Qarabağın müstəqilliyini rəsmi Bakıya qəbul etdirmək də Azərbaycanın güzəşti olacaqdı. Lakin indi Azərbaycan Respublikası 44 günlük müharibədə qələbə çalıbsa, qalib ölkədən kompromisə getməsini tələb etmək anlaşılan deyil. Yaranmış yeni mənzərədə Ermənistan məğlub tərəf kimi, Qarabağla bağlı iddialarından vaz keçə bilər və bu onun güzəşti hesab olunmalıdır. Azərbaycan Respublikası nəyi güzəştə getməlidir?