Rusiya Hökuməti Bakı ilə İrəvanı tələsməməyə çağırdı
Denis Qonçar: Tələsik hazırlanmış barışıq sazişi yeni münaqişələrə yol açacaq
Rusiya rəsmisi Azərbaycan Respublikası və Ermənistanın sülh müqaviləsi bağlamağa hazır olmadığını deyir.
Bu barədə avqustun 4-də Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar SİTA-ya müsahibəsində bildirib.
Denis Qonçar hələ həllini gözləyən çətin məsələlərin olduğunu vurğulayıb.
Rusiyalı rəsmi deyib: “Bakı və İrəvanın mümkün qədər tez sülhə nail olmaqla bağlı siqnalları o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdır. Hələ də bir sıra çətin mövzular üzrə həll yolları tapılmalıdır”.
Diplomatın sözlərinə görə, problemlərdən ən mühümü Azərbaycanın hüquq sistemində Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsi və hamı tərəfindən tanınmış hüquqlarına riayət olunmasıdır.
Qonçar həmçinin qeyd edib ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli sazişlərin elementlərindən biridir. Rusiya bütün səviyyələrdə siyasi-diplomatik kanallardan istifadə edərək bu sənədin hazırlanmasında Bakı və İrəvana fəal şəkildə kömək edir.
Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 2-də “Euronews” televiziyasına müsahibəsində demişdi ki, sülh üçün ardıcıl işləmək lazımdır.
Elə həmin tarixdə “Euronews”a müsahibəsində İlham Əliyev Ermənistandakı ermənilərə: “Biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur”, – deyə mesajını vermişdi.