Avq 12, 2023 14:19 Asia/Baku
  • BMT Təhlükəsizlik Şurasına müraciət olundu

Ermənistan Respublikası Dağlıq Qarabağın mülki əhalisinin tam blokadaya alınması nəticəsində humanitar vəziyyətin pisləşməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına fövqəladə iclasın çağırılması xahişi ilə müraciət edib.

Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryan BMT Təhlükəsizlik Şurasının prezidentinə ünvanladığı məktubda iddia edib ki, Dağlıq Qarabağda mülki əhalinin blokadaya məruz qalması nəticəsində humanitar vəziyyət daha da pisləşib. Ərzaq, dərman və yanacaq daxil olmaqla, zəruri malların kəskin çatışmazlığı 2023-cü il iyunun 15-dən daha da kəskinləşib. Bununla yanaşı Azərbaycanın Dağlıq Qarabağa təbii qaz və elektrik enerjisinin verilişinə qəsdən əngəl törətməsi insanların gündəlik həyatına ziyan vurub.

Məktubda sonra deyilir: “Azərbaycan Silahlı Qüvvələri tərəfindən kənd təsərrüfatı sahələrinin məqsədyönlü şəkildə atəşə tutulması kəskin ərzaq qıtlığı ilə nəticələnib. Əsas qida və vitamin çatışmazlığı səbəbindən 2000-ə yaxın hamilə qadın, 30.000-ə yaxın uşaq, 20.000 qoca və 9.000 əlil insan qida çatışmazlığı şəraiti ilə üzləşib. Nəticədə bu gün Dağlıq Qarabağ xalqı tam humanitar fəlakətin astanasındadır”.

Erməni diplomatın məktubunda bildirilir ki, Dağlıq Qarabağ xalqının bu cür kollektiv cəzaya məruz qalması onlar üçün vücudi təhlükə təşkil edir. Ona görə də Ermənistan hökuməti müharibə cinayətləri, etnik təmizləmə, insanlıq əleyhinə soyqırımın qarşısının alınması məqsədilə BMT Təhlükəsizlik Şurasının müdaxiləsini xahiş edir. BMT Nizamnaməsinin 35-ci maddəsinin 1-ci bəndinə əsasən Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının fövqəladə iclası çağırılmalıdır.