Avq 17, 2023 13:30 Asia/Baku
  • Con Kirbi Laçın dəhlizinin dərhal açılmasına çağırıb

ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi Vaşinqtonun Laçın dəhlizindəki məhdudiyyətlərlə bağlı dərin narahatlığını bildirərək rəsmi Bakını dərhal Laçın dəhlizini açmağa çağırıb.

Dövlət Departamentində brifinq zamanı ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi Turan-ın müxbirinin sualına cavab verərkən Laçın dəhlizilə bağlı Vaşinqtonun "dərin narahatlığını" qeyd edib: "Biz bu dəhlizin yenidən açılmasını istəyirik, Azərbaycan hökumətini dəhliz vasitəsilə kommersiya, humanitar və özəl nəqliyyat vasitələrinin sərbəst tranzitini tezliklə bərpa etməyə çağırırıq".

Kirbinin şərhləri Qarabağdakı vəziyyətə reaksiya verilməsilə bağlı Ermənistanın xahişinə baxılması üçün çərşənbə günü günorta Birləşmiş  Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının toplandığı bir vaxtda səslənib.

ABŞ-ın Birləşmiş  Millətlər Təşkilatındakı nümayəndəsi, eyni zamanda  hazırda Təhlükəsizlik Şurasının sədri olan Linda Tomas-Qrinfild də dünən Ermənistanın tələbi ilə keçirilən, Qarabağda humanitar böhranın müzakirəsi iclasındakı öz çıxışında bir daha ABŞ-ın qarşılıqlı kompromisə dair mövqeyini vurğulayıb: “Azərbaycanla Ermənistan arasında hazırkı sülh danışıqları "bütün tərəflərdən yaradıcılıq, çeviklik və kompromis tələb edir",- Linda Tomas-Qrinfild deyib.

ABŞ-ın BMT-dəki nümayəndəsi və TŞ-nin sədri Azərbaycan Respublikası ilə Ermənistan arasında hərhansı sülh razılaşmasının “Dağlıq Qarabağ”- sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin etməli olduğunu deyib.

Laçın sərhəd-buraxılış məntəqəsində keçidə Azərbaycan tərəfindən nəzarəti sühl prosesinə ziyanlı hesab edən ABŞ nümayəndəsi deyib: "ABŞ təmkinliyə və sülh prosesinə xələl gətirən istənilən fəaliyyətin dərhal dayandırılmasına çağırır. Biz bütün tərəfləri beynəlxalq humanitar hüquq üzrə öhdəliklərini tam yerinə yetirməyə çağırırıq.”, - Tomas-Qrinfild deyib.

ABŞ-ın BMT-dəki nümayəndəsi və TŞ-nin hazırkı sədri rəsmi Bakını həm də Qarabağdakı erməni separatçıları ilə dialoqa çağırıb:

"Biz Ermənistan və Azərbaycana dinc nizamlanma üçün dialoqu davam etdirməyə imkan verən istənilən formatı dəstəkləyirik. Biz bütün tərəfləri birbaşa danışıqlara, o cümlədən Bakıdakı rəsmi şəxslər və Dağlıq Qarabağ əhalisinin nümayəndələri arasında danışıqlara çağırırıq", - o deyib.

"Biz müxtəlif səviyyələrdə dialoq və diplomatiyanın müəyyən səviyyəsini dəstəklədik. Milli Təhlükəsizlik Şurasından  Ceyk Sallivan və Dövlət Departamentindən Con Fayner bununla məşğul olurlar”, - Dövlət Departamentində brifinq zamanı ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi Turan-ın müxbirinin sualına cavab verərkən bildirib.

"Onu nəzərdə tuturam ki, biz diplomatik yolla ən yaxşı nəticəyə nail olmaq üçün müntəzəm əsasda çalışırıq", -  o əlavə edib.