TŞ-də Rusiya nümayəndəsi Laçın dəhlizinin açılmasına çağırdı
Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski avqustun 16-da BMT Təhlükəsizlik Şurasının Qarabağdakı humanitar vəziyyətlə bağlı fövqəladə iclası zamanı rəsmi Bakı ilə “Dağlıq Qarabağ” arasında dialoqun vacibliyinə toxunub, Laçın dəhlizinin açılmasına çağırıb.
Mülki və qeyri-hərbi malların daşınması üçün Ağdam və Laçın vasitəsilə paralel dəhlizlərin açılması mövzusuna toxunan Dmitri Polyanski sonra deyib: “Bu, rəsmi Bakının səlahiyyətli nümayəndələri ilə Dağlıq Qarabağın erməni əhalisi arasında tez bir zamanda birbaşa dialoqun başlanması üçün lazımi ilkin şərtlər yaradacaq”.
Onun fikrincə, indi, hər zamankından daha çox, Dağlıq Qarabağ ətrafında vəziyyətin tez bir zamanda deeskalasiyasına, o cümlədən “Laçın dəhlizi”nin açılmasına və digər humanitar marşrutlardan istifadəyə yönəlmiş addımlara ehtiyac var:
“Rusiya Federasiyası hər iki tərəfin dəstəyi ilə mövcud böhranın mümkün qədər tez həll edilməsi, eləcə də bütövlükdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etmək üçün bütün səylərini göstərir”,- Rusiyalı diplomat deyib.
Dmitri Polyanski Moskvanın regionda “humanitar fəlakət”in qarşısını almaq üçün bütün səviyyələrdə mümkün olan səylərindən danışıb: “Biz Dağlıq Qarabağa ərzaq və digər zəruri məhsulların dayanıqlı tədarükünü dərhal bərpa etmək üçün iştirak edən bütün tərəflərlə intensiv əlaqələri davam etdiririk”-, deyib.
“Ermənistan-Azərbaycan barışığı Azərbaycanın hüquqi ərazisi çərçivəsində və beynəlxalq prinsiplər əsasında Dağlıq Qarabağ sakinlərinin təhlükəsizliyinə və hüquqlarına riayət olunmasına etibarlı və aydın təminat olmadan məntiqsizdir. Bu məntiq Ermənistan və Azərbaycan liderləri arasında 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq tərəflər tərəfindən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında dəfələrlə təsdiqlənmiş son razılaşmalardan irəli gəlir”,-TŞ-də çıxış edən Rusiya nümayəndəsi bildirib.
Onun sözlərinə görə, sırf humanitar məsələləri siyasiləşdirməkdən çəkinmək üçün tərəflərin qarşılıqlı öhdəlikləri də tələb olunur:
“Ümid edirik ki, prosesin bütün iştirakçıları Dağlıq Qarabağın on minlərlə sakininin ağır vəziyyətini yüngülləşdirmək və Bakı-Xankəndi formatında davamlı dialoq qurmaq üçün fikir ayrılıqlarını aradan qaldırmaq üçün siyasi iradə tapacaqlar”,- Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.