Separatçılar rəsmi Bakı ilə danışıqlar aparırlar?
Azərbaycan Respublikası ərazilərinin bir hissəsində separatçı dəstəyə başçılıq edən Arayik Arutyunyan dünən – avqustun 22-də bir yerə toplaşan separatçılara Ağdam-Xankəndi yolu ilə ticarətin aparılması barədə qərar qəbul edildiyini bildirib.
Azərbaycan Respublikası mediyaları erməni “Hraparak” nəşrinə istinadla bu barədə məlumat yayıblar.
Bu qərarın müqavimətə səbəb olacağı proqnozlaşdırıldığı üçün əvvəlcədən Karen Matevosyanın başçılığı ilə “milis” “hərəkatı” təşkil edilib. Həmin silahlı dəstə tezliklə Əsgəranda Ağdam yoluna qoyulan səddi sökməyə çalışacaq”.
Qəzetin yazdığına görə, Arayik Arutyunyan iclasda bildirib ki, həmin yoldan ticarət “qismən” olacaq. Belə ki, Yuxarı Qarabağın ermənilərin məskunlaşdırılmış hissəsinə tikinti materialları, dizel yanacağı, dərmanlar daxil olacaq, ərzaq isə Rusiya “sülhməramlı”ları vasitəsilə Laçın yolu ilə gətiriləcək. “Lakin bu, Laçın yolunun tam işlək olacağı anlamına gəlmir. Artsax sakinlərinin hərəkəti məhdudlaşdırılacaq”,- nəşr belə yazır..
“Hraparak” iddia edir ki, Arutyunyan Azərbaycandan alınacaq qaz və elektrik enerjisi məsələsinin də növbəti mərhələdə müzakirə edilməsinin nəzərdə tutulduğunu bildirib.
“O, təqdim etdi ki, Azərbaycan güzəştə gedir və bunun müqabilində Ağdam-Əsgəran-Stepanakert-Şuşa yolunun istismara verilməsini tələb edir. Söhbət Artsaxda “nənə və baba” heykəlinin altından keçən məşhur dolama yoldan gedir. Bu məsələləri təşkil etmək üçün yaxın vaxtlarda Azərbaycan tərəfi ilə yenidən görüşəcəklərini qərara alıblar. Mənbələrimiz bildirir ki, Samvel Babayan da TŞ-nin iclasında iştirak edib, parlament qüvvələri isə dəvəti rədd edib”- deyə Ermənistan qəzeti yazır.
Araik Arutyunyanın müşaviri, onun xüsusi tapşırıqlar üzrə nümayəndəsi David Babayan isə Tert.am-a açıqlamasında Araikin təşkil etdiyi sözü gedən görüşdə iştirak etmədiyini ona görə də gündəmdə hansı məsələlərin olmasından bixəbər olduğunu deyib.
Eyni zamanda, David Babayan Ağdam yolunun Laçın yolunu əvəz edə bilməyəcəyini bəyan etdiklərini xatırladıb. Onun sözlərinə görə, “Laçın yolu təkcə maddi-texniki baxımdan əhəmiyyətli deyil, bu, siyasi və hüquqi statusu olan ərazidir və 10 noyabr bəyanatına əsasən, Rusiya Federasiyası insanların və yük maşınlarının daxil olmasını təmin etməlidir”.
“İndi Ağdam yolu Laçın dəhlizi ilə əvəz olunarsa, bunun nə ilə nəticələnəcəyini təsəvvür edə bilərsinizmi? Gələcəkdə nədənsə Ağdam yolu açıla bilər, amma o, Laçın dəhlizini əvəz edə bilməz, dəyişdirilən kimi, bu o deməkdir ki, Laçın dəhlizi olmayacaq, bu da Artsaxın sonu olacaq. Artsaxın xarici dünya və Ermənistanla əlaqəsi kəsiləcək”, - deyə Araikin xüsusi tapşırıqlar üzrə nümayəndəsi deyib.
Qeyd edək ki, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan Respublikasının erməni sakinli ərazilərinin reinteqrasiyası üçün indiyədək heç bir addım atılmamışdır. Bu elə bir haldadır ki, Rusiya sülhməramlılarının bölgədəki 5 illik fəaliyyətinin yarısı tamam olub. Rəsmi Bakı prossesin belə getməsindən nigaran qalaraq Qarabağa öz nəzarətini təmin etmək üçün müəyyən metodlar axtarışındadır. Laçın dəhlizində yoxlama-buraxılış məntəqəsinin fəaliyyəti bu istiqamətdə qiymətləndirilir. Ancaq Qərb dövlətləri və mediyaları, Avropa qurumları və beynəlxalq təşkilatlar Azərbaycan Respublikasının öz ərazilərinə nəzarət səylərini ermənilərə qarşı soyqırımı kimi təqdim etəməyə çalışırlar.