Sen 03, 2023 14:51 Asia/Baku
  • Ermənistan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alırmı?

Paşinyanın açıqlaması Bakını hiddətləndirdi

Ermənistanın baş naziri Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələsi həllini tapmazsa, “Dağlıq Qarabağın ərazi vahidi kimi mövcud olmaması” ilə bağlı bəyanatların etibarsız sayılacağını vurğulayıb.

Nikol Paşinyan bunu “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin qəbul edilməsinin ildönümü günü münasibətilə xalqı təbrikində qeyd edib.

Erməni mətbuatının yazdığına görə, baş nazir deyib: “32 il əvvəl bu gün Dağlıq Qarabağ Muxtar Vilayəti və Şaumyan vilayətinin bütün təbəqələrindən olan deputatlarının birgə iclasında öz müqəddəratını təyinetmə yolu ilə Dağlıq Qarabağın müstəqilliyi haqqında bəyannamə qəbul edilib”.

Paşinyanın müraciətində həmçinin deyilir: “Hazırda Qarabağda yaşayan ermənilər Laçın dəhlizinin qanunsuz blokadaya alınması nəticəsində ərzaq, qaz və elektrik enerjisi təchizatının dayandırılması ilə etnik təmizləmə təhlükəsi ilə üz-üzədirlər. Və BMT Təhlükəsizlik Şurası da Dağlıq Qarabağda humanitar böhran olduğunu, 120 min əhalinin həyatı və təhlükəsizliyinin təhdid altında olması faktını təsdiqləyib”.

O, bu səbəbdən beynəlxalq ictimaiyyətdən “Dağlıq Qarabağda etnik təmizləmə siyasətinin həyata keçirilməsinin qarşısının alınması üçün səylər göstərməsini gözlədiklərini” bildirib və deyib: “Dağlıq Qarabağın bir ərazi qurumu kimi mövcud olmaması və Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı bütün bəyanatlar, əgər Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri həll olunmursa, etibarsızdır”.

Rəsmi Bakı onun bu bəyanatının əvvəlki mövqeyi ilə “ziddiyyət” təşkil etdiyini və sülh prosesinə “ciddi zərbə” vurduğunu bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi Nikol Paşinyanın bu çıxışını “Qarabağ bölgəsində separatçılığın təşviqinə xidmət” kimi qiymətləndirib.

Azərbaycan bəyan edib ki, “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Həmçinin Paşinyanın açıqlaması Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddiaların növbəti sübutu və Azərbaycanın Qarabağ bölgəsində separatçılığın təşviqinə xidmətdir”.

Azərbaycan XİN-nin açıqlamasında vurğulanır ki, Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və burada aqressiv separatçı meylləri qızışdırmaq cəhdlərinin qarşısı qətiyyətlə alınacaq və lazımı şəkildə cavablandırılacaq.

 

Teqlər