Sen 19, 2023 15:58 Asia/Baku
  • 4 polis və 2 mülki şəxs həlak olub

Erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması nəticəsində 4 Azərbaycan polisi həlak olub.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşüblər. Hadisə yerində4 polis əməkdaşı həyatını itirib.

Bundan az əvvəl isə həmin bölgədə törədilən təxribat nəticəsində 2 nəfər mülki şəxs həlak olub.

Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayaraq bildirib: “Xocavənd rayonu ərazisində baş verən mina partlayışı bir daha göstərir ki, Üçtərəfli bəyanatın 4-cü bəndini kobudcasına pozaraq Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini hələ də çıxarmayan, hərbi fəaliyyəti və minaların yerləşdirməsini davam etdirən Ermənistanın və onun yaratdığı qondarma rejimin əsas məqsədi bölgədə hərbi gərginliyi artırmaq, terrorçuluqla məşğul olmaqdır.

Bəyanatda qeyd olunur ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak olub.