Ermənilər nəyə görə Xocalıya toplanır?
RF Müdafiə Nazirliyi sülhməramlıların Xocalıdakı bazasına gələn Qarabağ sakinlərinə yardım kadrları yayıb.
Oraya 5 minə yaxın insan gətirilib. Bütün təxliyə olunanlar istirahət yerləri və isti yeməklə təmin edilib. Hərbi həkimlər dinc sakinlərə ixtisaslaşmış tibbi yardım göstərir, xəbəri RF MN yayıb.
Rusiya Müdafiə Nazirliyi 5 min insanın nəyə görə sülhməramlıların bazasına gətirildiklərinə toxunmayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası ordusu sentyabrın 19-da Qarabağdakı separatçılara qarşı əməliyyat həyata keçirib. Bu əməliyyat nəticəsində separatçılar rəsmi Bakının şərtləri ilə razılaşaraq silahları yerə qoymağa başlayıblar və beləliklə də əməliyyat dünən dayandırılıb. Bu gün isə Qarabağ ermənilərinin nümayəndələri Yevlaxda Azərbaycan dövlətinin nümayəndələri ilə danışıqlara başlayıblar.
Belə bir şəraitdə 5 min erməninin Rusiya sülhməramlılarının Xocalıdakı hərbi bazasına nəyə görə cəmləşdirilmələri ciddi sual doğurur. Bəzi sosial şəbəkə istifadəçiləri Xocalıya toplaşan ermənilərin Qarabağda cinayət törətmiş separatçı ermənilərin ailələrindən ibarət olduğunu bildirir və onların təxliyə edilməsi barədə rəsmi Bakı ilə Rusiya Sülhməramlıları arasında gizli razılıq olduğunu eddia edirlər.