Sen 21, 2023 15:12 Asia/Baku
  • Qarabağ ermənilərinin nümayəndələri ilə görüş başa çatıb

Gözlənildiyi kimi bu gün günortadan qabaq Azərbaycan Respublikasının Yevlax şəhərində Azərbaycan Respublikası dövləti və Qarabağ ermənilərinin nümayəndələrinin görüşü keçirilib.

Görüşdə Azərbaycan dövləti tərəfindən Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş millət vəkili Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil ediblər.

Görüşdə ermənilər tərəfdən isə David Melkumyan və Sergey Martirosyan iştirak ediblər. Nümayəndə heyətinə David Melkumyan rəhbərlik edib. Melkumyan Xankəndində yerləşən "demokratik partiya"nın rəhbəridir.

Sergey Martirosyan isə Rusiya sülhməramlı qüvvələrinin keçmiş rəhbəri general Muradovla yaxınlığı ilə seçilir. Onların əvvəllər Rusiya ordusunda birlikdə xidmət etdikləri deyilir.

Martirosyanın oğlunun 44 günlük müharibədə itkin düşdüyü barədə də erməni mediyasında məlumatlar var. Martirosyan Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Azərbaycan dövlətinin nümayəndələri arasında keçmişdə keçirilən görüşlərdə də iştirak etmişdi.

Bu günkü Yevlax görüşünə Rusiya sülhməramlı kontingentinin nümayəndəsi də iştirakçı kimi qatılıb.

Görüş Yevlax rayon İcra Hakimiyyətinin binasında keçirilir.

Qeyd edək ki, dünən Azərbaycan Müdafiə Nazirliyi Qarabağda separatçılara qarşı antiterror əməliyyatının Rusiya Sülhməramlılarının vasitəçiliyi ilə dayandırılmasından xəbər verdi. Məlumatda bildirilirdi ki, Azərbaycan Respublikası dövlətinin qoyduğu şərtlər separatçılar tərəfindən qəbul edilib və Qarabağda qanunsuz hərbi hissələrin tərkisilah eidlməsinə başlanılıb. Məlumatda Qarabağın ermən sakinləri ilə rəsmi Bakının nümayəndələri arasında Yevlaxda görüşun razılaşdırıldığı bildirilmişdi.