Sen 25, 2023 16:23 Asia/Baku
  • Qarabağdan Ermənistana köç başlayıb

Ermənistan nazirlər Kabinetinin dünən Saat 22:00-a olan məlumatına görə, Qarabağdan Ermənistana 1050 nəfər daxil olub.

Ermənistan nazirlər Kabinetinin bu gün səhər saat 06:00-a olan məlumatınaa görə isə, Qarabağdan Ermənistana daxil olanların sayı 2906 nəfərə çatıb. Beləliklə məlum olur ki, hər 8 saatda 1856 erməni Qarabağı tərk edir. Bu isə sutkada 5568 nəfər təşkil etdiyini deməyə əsas verir.

Ermənistanın məlumatında Qarabağdan bu ölkəyə daxil olanların təxminən yarısı Ermənistanda evləri olan ermənilərdir. Qalanlarına isə hökumətin təklif etdiyi yaşayış yeri ayrılıb.

Ermənistan mediyalarının bildirdiklərinə görə, bu gün səhər saatlarından etibarən insanlar şəxsi nəqliyyat vasitəsi ilə Ermənistan istiqamətində  hərəkəti  davam edirlər.

Hətta Xankəndi sakinləri də gedirlər, baxmayaraq ki, separatçılar ilk növbədə yaşayış yerini tərk edənlərə getmək imkanı veriləcəyini bəyan etmişdilər.

Həmin məlumata görə ermənilərin Qarabağdan Ermənistana hərəkəti sentyabrın 24-də səhər saatlarında başlayıb.

Qarabağdan gələn xəbərlərə görə isə, Separatçıların təslim olmasından sonra Xocalı və Xocavənddə, o cümlədən, keçmiş Ağdərə rayonu ərazisindən ermənilər Xankəndiyə gətirilir. Ağdərədəki ermənilər bu gün sülhməramlılar tərəfindən Xankəndiyə aparılıb, onların sayının 4 min olduğu deyilir.

Hazırda minlərlə erməninin Xocalı aeroportu ərazisində getmək üçün növbə gözlədiyi haqda da məlumat var. Getmək istəyənlərin qalmaq istəyənlərdən qat-qat çox olduğu deyilir. 

Ermənistan hökuməti Gorusda Qarabağdan qayıdacaq ermənilər üçün düşərgələr yaradır. Ermənistan baş naziri Nikol Paşinyan 40 min insan üçün yer nəzərdə tutulduğunu bildirib ancaq o eyni zamanda Qarabağda qalmağı ermənilkərə məsləhət görüb. Xatırladaq ki, Qarabağda yaşayan ermənilərin sayı barədə dəqiq statistik məlumat olmasa da Azərbaycan tərəfi bu rəqəmi 40-50 min civarında təxmin medir.

Erməni mənbələrin məlumatına görə, getmək istəyənlər üçün 30 avtobus ayrılıb. İlk gedənlər “evsiz”lər olacaq, daha sonra getmək istəyənlərin hamısı üçün şərait yaradılacaq.

Azərbaycan mediyaları isə bildirirlər ki, Rəsmi Bakı getmək üçün erməni əhalisinə bütün şəraiti yaradır, hətta avtomobillərinin yanacağını belə təmin edir.

Azərbaycan Respublikası Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri təqdirdə bu ölkədə yaşaya biləcəklərini deyir. Əks təqdirdə onlar Azərbaycanı tərk etməli olacaqlar.

Qarabağdan Ermənistana köç barədə yayılan məlumatlar onu deməyə əsas verir ki,Qarabağ erməniləri Ermənistanda didərgin həyatı yaşamağı, Azərbaycanda öz evlərində yaşamağa tərcih edirlər.

Qarabağda yaranmış son durum, Azərbaycan Respublikasının Qarabağa nəzarəti təmin etməsi və ermənilərin Qarabağı tərk etmələri qərbdə ciddi narahatlığa səbəb olub. Avropa qurum və rəsmilərinin son bəyanatları, regiona olan son səfərlər göstərir ki, qərb bu durumla razılaşmaq niyyətində deyil. Məhz buna görə də bəzi siyasi analitiklər qərb tərəfindən müəyyən planların hazırlanma etimalından söz açırlar.