Ermənistan Birləşmiş Millətlər Təşkilatından narazı qaldı
Xandanyan: BMT-nin Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bəyanatının ifadəsi təəssüf doğurur
Ermənistan Parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan BMT missiyasının Qarabağa səfərini vaxtı gecikmiş addım sayaraq bildirib ki, missiyanın Qarabağdakı vəziyyətlə bağlı bəyanatının ifadəsi təəssüf doğurur.
Sarqis Xandanyan deyib: “On ay ərzində biz beynəlxalq tərəfdaşlarımıza Azərbaycanın etnik təmizləmə siyasəti apardığını dedik və BMT nümayəndələini Dağlıq Qarabağa getməyə və yerindəcə faktaraşdırma işləri aparmağa, vəziyyəti qeydə almağa çağırdıq, lakin bu çağırışlar nəticəsiz qaldı. İndi mən qiymətləndirirəm ki, BMT missiyasının Dağlıq Qarabağa səfəri gecikib”.
BMT missiyasının bəyanatında qeyd olunub ki, mülki və kənd təsərrüfatı infrastrukturuna heç bir ziyan və dağıntı qeydə alınmayıb, sahibsiz və ya ev heyvanlarına rast gəlinməyib.
Xandanyan qeyd edib ki, etnik təmizləmə təkcə məhv olmaqdan ibarət deyil.
Onun iddiasına görə, “Qarabağ ermənilər Ermənistana atəş altında və hərbi təcavüz nəticəsində, on aylıq blokada və humanitar böhran nəticəsində gəliblər”.