Roma Papası Qarabağla bağlı müraciət etdi
“Monastırlar və ermənilərin dini ibadət yerləri qorunmalıdır”
Dünya katoliklərinin rəhbəri Papa Fransisk Qarabağdakı monastırları və dini ibadət yerlərini qorumağa və onlara hörmət etməyə çağırıb.
Bu barədə o, Vatikanın Müqəddəs Pyotr meydanında bildirib.
Roma Papası qeyd edib ki, Qarabağ böhranı ilə bağlı narahatlığı azalmayıb: “Qaçqınların humanitar vəziyyəti ilə yanaşı, mən bu regionda monastırların və ibadət yerlərinin qorunması üçün xüsusi müraciət etmək istərdim. Ümid edirəm ki, onlar yerli mədəniyyətin bir hissəsi, imanın ifadəsi və fikir ayrılıqlarından asılı olmayaraq birlikdə yaşamağı mümkün edən qardaşlıq əlaməti olaraq qorunacaqlar”, deyə o vurğulayıb.
Vatikan Qarabağ və ətrafdakı rayonlar işğal altında olan zaman heç vaxt ermənilərə müsəlman abidələri və məscidlərinin qorunması üçün müraciət etmədi.
Xatırladaq ki, işğal altındakı Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin və məscidlərin sayı 403 olub və onların hamısı ya dağıdılaraq yararsız hala salınıb ya da donuz və mal-qara saxlanılması üçün tövlə kimi istifadə edilib və təhqir obyektinə çevrilib.
Ağdamdakı Cümə məscidi belə obyektlərdən biridir; tarixi məscid erməni işğalı illərində donuz tövləsi kimi istifadə olunub.