Noy 10, 2023 14:25 Asia/Baku
  • Moskva ilə İrəvan arasında kommunikasiya deyişməsi

Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək kommunikasiyaların bu ölkənin nəzarəti altında olmalı olduğunu vurğulayır, Rusiya isə bu yollara sadəcə Rusiyanın nəzarət edəcəyinin artıq razılaşdırıldığını bildirir.

Bu yaxınlarda Ermənistan Milli Təhlükəsizlik Xidmətində xüsusi şöbə yaradılıb, onun vəzifəsi regional kommunikasiyaların açılacağı təqdirdə bu rabitələrin, eləcə də malların, yüklərin, nəqliyyat vasitələri və onların vasitəsilə daşınan insanların təhlükəsizliyini təmin etməkdir.

Ermənistan tərəfinin bu qərarı Rusiyanın reaksiyasına səbəb olub. Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib ki, Ermənistan ərazisindən keçən hərhansı regional kommunikasiyalara mütləq Rusiya nəzarət etməlidir.

Zaxarova Rusiyanın region nəqliyyat kommunikasiyalarının açılmasında Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatları əsas göstərib.  

"Həmin bəyanatlarda Rusiyanın rolu dəqiq yazılıb. O ki qaldı kommunikasiyaların mühafizəsi ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin strukturunda xüsusi bölmənin yaradılmasına, diqqətinizə çatdırmaq istəyirəm ki, qeyd etdiyim üçtərəfli razılaşmalara müvafiq olaraq Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Təhlükəsizlik Xidmətinin sərhəd xidməti həyata keçirməlidir", - deyə Rusiya XİN rəsmi nümayəndəsi əlavə edib.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi isə Rusiya XİN-in rəsmi nümayəndəsinin bəyanatı ilə bağlı şərh verib:

 

“Ermənistan Respublikası heç vaxt heç bir sənəddə öz suverenliyinə hər hansı məhdudiyyətlə razılaşmayıb və onun suveren ərazisinin heç bir hissəsində üçüncü ölkənin nəzarəti bərqərar oluna bilməz”, - bəyanatda bildirilib.

Üçtərəfli bəyanatın imzalanmasından 3 il ötsə də Ermənistanın kommunikasiyaların Rusiya nəzarətində açılması ilə razılaşmaması artıq rəsmi Bakının bu variantı gündəmdən çıxarmasına səbəb olub.

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev Oktyabrın 25-də “Reuters”-ə verdiyi müsahibəsində “Zəngəzur dəhlizi”-nin artıq rəsmi Bakı üçün artıq cəlbedici olmadığını deyib.

“Azərbaycan və Ermənistan Zəngəzur dəhlizini açmaqla bağlı razılığa gələ bilmədiyinə görə, bu layihə Azərbaycan üçün cəlbediciliyini itirib. Kommunikasiya Zəngəzur dəhlizi əvəzinə İran ərazisindən yaradıla bilər”,- Hikmət Hacıyev “Reuters”-ə müsahibəsində deyib.

Məhz buna görədir ki, İran və Azərbaycan Respublikası prezidentləri İbrahim Rəisi və İlham Əliyevin dünən Özbəkistan paytaxtı Daşkənddə görüşündə də Azərbaycanın əsas hissəsinin İran ərazisi vasitəsi ilə Naxçıvanla birləşdirilməsi layihəsi tərəflərin birinci diqqətdə saxladıqları mövzu olub.  

“Araz çayı üzərindən keçən Ağbənd marşrutu və bizim orada bir-birimizlə razılaşdıraraq həyata keçirdiyimiz layihələr hər iki ölkənin maraqlarına cavab verir. Bu, Azərbaycan, İran və Naxçıvan arasında nəqliyyat əlaqələrinə zəmanət verir və bu sahədəki qayğıları aradan qaldırır”, İran prezidenti azərbaycanlı həmkarı ilə görüşündə deyib.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev isə bu layihəni böyük perspetivi ilan layihə adlandırdı:

“Siz ikitərəfli münasibətlərimizin tarixində mühüm mərhələni, yəni, Ağbənd yaxınlığında Araz çayı üzərindən körpülərin tikintisinə başlanılmasını qeyd etdiniz. Bu, böyük perspektivi olan layihədir”,-İlham Əliyev deyib.