Noy 14, 2023 13:05 Asia/Baku
  • Azərbaycan Gürcüstana mane ola bilmir

Fransanın Ermənistana göndərdiyi hərbi texnikanın Gürcüstan vasitəsilə çatdırılmasına dair görüntülər yayılıb.

Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan, "Acmat" şirkətinin istehsalı olan "Bastion" markalı çoxməqsədli zirehli maşınlar yüklənib. Həmçinin "Bastion" üçün avadanlıqlar da göndərilib. Avadanlıqları göndərən Fransanın ARQUUS şirkətidir.

Deputat Asim Mollazadə Sputnik Azərbaycana verdiyi müsahibədə Fransanın   bununla da regionda başa çatmış münaqişə vəziyyətini canlandırmağa çalışdığını deyib.

Hərbi ekspert Ramil Məmmədli isə bildirib ki, Ermənistan-Fransa hərbi texniki əməkdaşlığının dərinləşdirilməsi ilə bağlı ciddi addımlar atılıb.

Ekspertin sözlərinə görə, Bu yaxınlarda Ermənistan müdafiə nazirinin Fransaya səfəri zamanı hərbi-texniki əməkdaşlığa dair konkret sənədlər imzalandı, daha əvvəl razılaşdırılmış müqaviləyə əsasən Ermənistana zirehli texnikaların gətirilməsinə başlanılıb".

Ramil Məmmədliyə görə,Fransanın məqsədi Ermənistan vasitəsilə Qafqazda nəzarəti həyata keçirməkdir: "Fransa hələlik Ermənistana strateji silahları verməyib. Radiolokasiya sistemlərinin və radioelektron mübarizə sistemlərinin Ermənistana verilməsi Fransanın məqsədinin Ermənistan vasitəsilə Qafqazda nəzarəti həyata keçirmək olduğunu ortaya qoyur. Artıq bu proses başlanılıb və növbəti dövrdə Hindistanla paralel olaraq real silahların və daha ciddi texnikaların Ermənistana verilməsi həyata keçiriləcək", Ramil Məmmədli deyib.

Hərbi ekspert Gürcüstanın bu prosesdə tranzit ölkə olduğuna diqqət çəkərək bildirib ki, Azərbaycanın Gürcüstana bu sahədə hansısa tələb irəli sürmək imkanı yoxdur.