Azərbaycan-Ermənistan normallaşması İran diplomatiyasının gündəmində;
Moskvadakı səfir Rusiya rəsmisi ilə bu məsələni müzakirə etdi
İran İslam Respublikasının Moskvadakı səfiri Kazım Cəlali Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayev ilə görüşdə İranın Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması məsələsini müzakirə edib.
“İSNA” agentliyi xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, regional problemlərin həllinə yönəlmiş mexanizmlər və ümumi təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.
Cəlali bu görüşdə həmçinin İranın etimadın yaradılması və regional münasibətlərin yaxşılaşdırılması istiqamətində prinsipial siyasətini vurğulayıb.
O, regionda sülh və sabitliyin möhkəmlənməsi üçün “3+3” formatının, eləcə də İran və Rusiya əməkdaşlığının əhəmiyyətini söyləyib.
Bundan əvvəl İran İslam Respublikasının Ermənistandakı və Azərbaycan Respublikasındakı səfirləri Mehdi Sübhani və Seyid Abbas Musəvi ölkəmizin xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan ilə görüşüb və Qafqazda baş verənləri müzakirə ediblər.
İranlı nazir bu görüşlə bağlı X platformasındakı şəxsi səhifəsində paylaşım edib və bildirib ki, görüşdə Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub. İranın qonşuluq siyasəti çərçivəsində Azərbaycan və Ermənistan ilə əlaqələrin inkişafına səy göstərdiyi qeyd edilib.