Dek 08, 2023 15:17 Asia/Baku
  • Azərbaycan və Ermənistan sülh astanasında?

Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.Bu barədə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlama yayıb.

Öz növündə ilk hesab olunan birgə açıqlamada tərəflər sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür, İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir.

Qeyd olunur ki, iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub”, sənəddə qeyd edilir.

Məlumatda deüyilir ki, xoş niyyətin təzahürü olaraq, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan namizədliyini dəstəkləyir.

“Xoş niyyətin təzahürü olaraq, Azərbaycan da Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.”

Bəyanatda əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələrin davam edəcəyi vurğulanır.

Sosial şəbəkə səhifəsində Ermənistanın Baş naziri Nikol Paşinyan yazıb ki, Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı jest olaraq Azərbaycan 32 erməni hərbi qulluqçusunu Ermənistan tərəfi də iki Azərbaycan hərbi qulluqçusunu azad edir.

Azərbaycan Respublikası prezidenti də bu gün Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edərkən deyib ki, Azərbaycanla Ermənistanın qəbul etdiyi birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və ölkələrimiz arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir.

 

Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann və Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlamasını alqışlayıblar və bunu sülh müqaviləsi üçün önəmli hesab ediblər.

 

Bütün bunlara rəğmən Azərbaycan prezidenti İlham Əliyev "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" sərgisindəki əsas çıxışında "Qaçqınların Azərbaycana və Ermənistana qarşılıqlı qayıdışı" təklifi onsuz da qarışıq olan danışıqlara yeni bir çətinlik əlavə edib.

Bu barədə ASTNA mərkəzinin rəhbəri Mehman Əliyev Turan İnformasiya Agentliyində dərc olunan məqaləsində yazıb.

 

Mehman Əliyevə görə İlham Əliyevin 35 il əvvəl qovulmuş azərbaycanlıların eyni vaxtda qaytarılması tələbi iki xalq arasında hərtərəfli razılaşma yolunda maneədir.

Ermənistan parlamentinin rəhbəri Alen Simonyan tez reaksiya verərək Əliyevin şərtini qəbuledilməz hesab edib. Simonyan azərbaycanlıların Qərbi Azərbaycan adlandırdıqları ölkəyə qayıtması kimi məsələlərdə Azərbaycanın inadkarlığının sülh müqaviləsinin bağlanmasına mane ola biləcəyindən narahatlığını bildirib.

ASTNA mərkəzinin rəhbəri bildirir ki, bütün dünyanın gözü qarşısında tarixi narazılıqlar, ərazi mübahisələri və qaçqınların aktual problemindən yaranan dolaşıq tor Ermənistanla Azərbaycan arasında uzun müddətdir davam edən münaqişənin nizamlanmasını gecikdirməklə təhdid edir. Sülhə gedən yol, görünür, hər iki tərəfdən çətinliklərlə üzləşib ki, bu da həssas diplomatiya və kompromis tələb edir.

 

 

Teqlər