Paşinyan həqiqəti dilə gətirdi
Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ məsələsinin digər ölkələr tərəfindən yaradılmış anti-Ermənistan plan olduğunu etiraf edib.
Paşinyan deyib: Qarabağ məsələsi bəzi qüvvələr tərəfindən Ermənistanda dövlət yaradılmasının qarşısını almaq üçün istifadə edilib.
Ermənistan Baş naziri “Mülki müqavilə” partiyasının İcevanda keçirilən iclası zamanı əlavə olaraq deyib:
“Biz dövlət yaratmaq üçün qoymalı olduğumuz bütün resurslarımızı həll olunması mümkün olmayan “dqr”in yaradılması probleminə qoyuruq”.
Beləliklə Ermənistan baş naziri Azərbaycan Respublikasına qarşı işğalçılıq və ərazi iddiası siyasətinin əslində Ermənistanın özünü də müstəqil ölkə olmaq və inkişaf etmək imkanından məhrum etdiyini dilə gətirib və dolayısı ilə, region xalqlarının rifahı və tərəqqisinin biri-birinə qarşı düşmənçiliklə deyil, sülh və dostluqla mümkün olduğunu etiraf edib. Qonşulara qarşı ərazi iddialarının sadəcə regiondan kənar güclərin qeyri-dost maraqlarına xidmət etdiyi görünür Ermənistanda dərk edilməkdədir.
İranın Azərbaycan Respublikasındakı keçmiş səfiri Möhsün Pakayin Azərbaycan və Ermənistan arasında müştərək bəyanatın qəbul olunmasını alqışlayan bir məqalədə Nikol Paşinyanın özünü Qarabağ məsələsindən xilas etməsini xüsusi diqqətə çatdırmışdı.
Pakain Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsini Qarabağ bataqlığından xilas etməkdəki roluna diqqət çəkərək onun sələflərini beynəlxalq prinsiplərə zidd hərəkətlərdə ittiham etmişdi:
“Paşinyan Ermənistanın əvvəlki məmurlarının prinsipsiz və beynəlxalq standartlara zidd mövqelərini qəbul etmədi, lakin bu münaqişənin həllində öz ciddiliyini göstərməklə ölkəsini nəinki iqtisadi tərəqqi yoluna çıxardı, hətta Qafqazda dağıdıcı müharibənin davamına da son qoymuş oldu”,- İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakain deyib.