Qərb Rusiyanı qıcıqlandırır
Aİ Ermənistandakı “missiya” heyətini 50% artırdı
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Aİ-nin Ermənistandakı “mülki missiyası”ın üzvlərinin sayını 50% - 138 nəfərdən 209 nəfərə qədər artırmaq qərarı verib.
Aİ xarici siyasət idarəsinin rəhbəri Jozep Borrell AB xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib ki, bu, missiyanın sayının mühüm artımıdır və Ermənistanın Azərbaycanla beynəlxalq sərhədinin sabitliyini gücləndirmək üçün bir yoldur.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı sməsələyə münasibət bildirərkən deyib ki, bu missiya, regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək kimi bəyan etdiyi məqsədlərinə nail ola bilməyib. Əksinə, bu missiya Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunur.
Rusiya hökuməti isə Avropa İttifaqının mülki missiyasının Azərbaycan-Ermənistan sərhədiboyu yerləşməsini Kremlin vasitəçilik səylərinə təzyiq cəhdi kimi qiymətləndirir.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bir müddət əvvəl bu barədə demişdi ki, rəsmi Moskva regionda davamlı sülh və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə açarını Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsində görür.