Dek 21, 2023 13:12 Asia/Baku
  • Hindistan silahları Ermənistana gətirilir

Hindistanın "Akaş" zenit-raket komplekslərinin Ermənistana veriləcəyi tarixi açıqlanıb. Komplekslərin qışda Ermənistana çatdırıllması planlaşdırılır.

Qeyd edilir ki, Ermənistan Hindistandan 600 milyon dollar dəyərində silah alıb.

Xatırladaq ki, "Akaş" zenit-raket kompleksləri 2007-ci ilin dekabrında sınaqdan keçirilib.

Hindistanın ən əsas rəqibi olan və kəşmir ilə bağlı ciddi münaqişə yaşayan Pakistanın Azərbaycan tərəfindən müttəfiq seçilməsi Hindistanı Azərbaycanla münaqişə yaşayan Ermənistana dəstək verməyə məcbur edib.

Ermənistanı silahlandırmaqda maraqlı olan başqa ölkə Fransadır. Son vaxtlar Fransa silahları Gürcüstan ərazisindən Ermənistana daşınmışdır.

Belə ki, Noyabrın 12-də “Kaliber”-in verdiyi məlumata görə Fransadan göndərilən hərbi texnika Gürcüstan yolu ilə Ermənistana daşınıb.

Bildirilib ki, Gürcüstanın Poti limanında Ermənistan ordusu üçün nəzərdə tutulan Fransanın “Acmat” şirkətinin istehsalı olan çoxməqsədli “Bastion” zirehli texnikası daşınıb.

Fransa ilə Ermənistan arasındakı razılığa əsasən əvvəlcə 50 zirehli texnika, daha sonra “Minstrel” hava hücumundan müdafiə raketləri Ermənistana göndəriləcək.

Azərbaycan Respublikası da ikinci Qarabağ müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa etdikdən sonra da hərbi gücünü artırmaqda davam edəcəyini bildirir.

Görünən odur ki, Cənubi Qafqaz regionu yenidən silah cəbhəxanasına çevrilir. Sülhün astanasında olan Azərbaycan və Ermənistan hərbi güclərini diqqətdən kənar qoymaq niyyətində deyillər. Bu iki ölkənin biri-birinə qarşı etimadsızlığı regiondan kənar güclərin bu və ya digər ölkəyə silah tədarükü yolu ilə Cənubi Qafqaza müdaxilə imkanları əldə etmələrinə zəmin yaratmışdır.