Dek 21, 2023 13:19 Asia/Baku
  • Rəisi: Qafqaz məsələləri əcnəbilərin müdaxiləsi olmadan həll olunmalıdır

İran İslam Respublikasının prezidenti bəyan edib ki, Qafqaz məsələləri əcnəbilərin müdaxiləsi olmadan həll olunmalıdır.

Seyid İbrahim Rəisi dekabrın 20-də Ermənistanın baş naziri Nikol Paşinyanın telefon zənginə cavabı zamanı onun iki ölkə və region ölkələri arasında avtomobil və dəmir yolu marşrutlarını inkişaf etdirmək planına münasibət bildirərək deyib: “İran İslam Respublikası bütün ölkələrin milli suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə riayət etməklə Qafqaz regionu ilə kommunikasiya yolları və infrastrukturların açılması üçün hər cür addım və platformanı dəstəkləyir və onu sülhün möhkəmləndirilməsi və qonşuların maraqlarının təmin edilməsi istiqamətində atılan təsirli addım kimi qiymətləndirir”.

Rəisi Qafqazı sülh və əmin-amanlığa ehtiyacı olan mühüm region adlandıraraq əlavə edib: “İran İslam Respublikasının Qafqazla bağlı xarici siyasəti sabitdir. Qafqaz bölgəsinin regiondankənar ölkələrin rəqabət meydanına çevrilməməsinə və onun məsələlərinin əcnəbilərin müdaxiləsi olmadan region ölkələri tərəfindən həllinə diqqət yetirilməlidir.”

İran İslam Respublikasının prezidenti Tehranda 3+3 formatında görüşün uğurla keçirilməsini regional münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsi, region ölkələrinin bir-biri ilə münasibətlərinin normallaşdırılması istiqamətində konstruktiv addım kimi qiymətləndirib.  

“Qarşılıqlı maraqların və region ölkələrinin mənafeyinin təmin edilməsi məqsədilə qonşuluq münasibətlərinin inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsi İran İslam Respublikasının əsas siyasətidir”, - deyə Rəisi vurğulayıb”

Bu telefon danışığında Ermənistanın baş naziri Nikol Paşinyan da iki ölkə arasında iqtisadi əməkdaşlığın son vəziyyətini və regionda baş verən hadisələri, habelə iki ölkə rəsmilərinin razılaşmalarının həyata keçirilməsi və birgə əməkdaşlığın irəliləyişinə uyğun hərəkətlərini diqqətə çəkərək, İran və Ermənistanın yüksək rütbəli rəsmiləri arasında əlaqələrin davam etməsini və artırılmasını iki ölkənin ikitərəfli münasibətləri hərtərəfli genişləndirmək iradəsinin sübutu kimi xarakterizə edib.

 

Teqlər