Dek 22, 2023 11:02 Asia/Baku
  • Hindistan İrəvana qanadlı və ballistik raketlər verir

Hindistan Ermənistanla raket sistemlərinin mümkün satışı ilə bağlı danışıqlar aparır.

Bu barədə Hindistan Müdafiə Nazirliyinin tabeliyində olan Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatına istinadən “Indian Defence Research Wing” portalı məlumat yayıb.

Bildirilir ki, Hindistan səsdən sürətli “BrahMos” qanadlı raketi və “Pralay” yaxınmənzilli ballistik raketi tədarük etməkdə maraqlıdır.

“Pralay” raketinin uçuş məsafəsi 150-500 km, "BrahMos" raketi isə 290 km-ə qədərdir.

Qeyd edək ki, Hindistan Ermənistana dörd mobil “Svati” radar sistemi verib, 2022-ci ildə “Pinaka” reaktiv yaylım atəş sistemi, tank əleyhinə raketlər və müxtəlif növ sursatların alınması üçün 245 milyon dollarlıq müqavilə imzalanıb.

Bundan başqa, Hindistanın pilotsuz təyyarələri vurmaq üçün hava hücumundan müdafiə sistemləri istehsal edən şirkəti Ermənistanda filial açmaq niyyətindədir.

Ən sonuncu məlumata görə isə, Hindistan 600 milyon dollar dəyərində saziş çərçivəsində Ermənistana “Akaş” kompleksi də tədarük edəcək.

Görünən odur ki, Cənubi Qafqaz regionu yenidən silah cəbbəxanasına çevrilir. Bu istiqamətdə sülhün astanasında olan Azərbaycan və Ermənistan hərbi güclərini diqqətdən kənar qoymaq niyyətində deyillər. Bu iki ölkənin biri-birinə qarşı etimadsızlığı regiondan kənar güclərin bu və ya digər ölkəyə silah tədarükü yolu ilə Cənubi Qafqaza müdaxilə imkanları əldə etmələrinə zəmin yaratmışdır.