Yan 09, 2024 13:00 Asia/Baku
  • Xandanyan: Bakının bu istəyi qəbuledilməzdir

İrəvan Bakı ilə sadələşdirilmiş gömrük və sərhəd rejimini müzakirə etməyə hazırdır, lakin maneəsiz hərəkəti yox. Bunlar Ermənistanın qırmızı xətləridir.

Ermənistanın İctimai Radiosu xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan deyib.

O bildirib ki, kommunikasiyaların açılması prosesi aydın prinsiplər - suverenlik və qarşılıqlılıq əsasında həyata keçirilməlidir:

“Hər iki ölkənin sərhədlərində gömrük və mallara, eləcə də vətəndaşlara nəzarət üçün bütün digər mexanizmlərin fəaliyyət göstərməsi çox vacibdir. Təbii ki, dünyada gömrük və sərhəd keçidinin müxtəlif üsulları məlumdur, onlar da sadələşdirilmişdir, bəzi müasir texnologiyalardan da istifadə olunur ki, bunlar da müzakirə və danışıqlar mövzusudur. Lakin Azərbaycan tərəfinin formalaşdırmağa çalışdığı maneəsiz keçid Ermənistan üçün qəbuledilməzdir, çünki o, müəyyən eksterritoriallığı nəzərdə tutur, bu da suverenliyimizin pozulmasıdır”, deyə parlament komitəsinin sədri vurğulayıb.

Sarqis Xandanyan təkidlə bildirib ki, Ermənistan qırmızı xətlərində güzəşt edə bilməz.

Xatırladaq ki, İranla Naxçıvana yolun tikintisi ilə bağlı razılaşmadan sonra Bakı “Zəngəzur dəhlizi”nin onlar üçün cəlbediciliyini itirdiyini bəyan edib. Amma son günlər həm Azərbaycan, həm də Türkiyə rəsmiləri nəinki aktiv dəhliz açmaqdan danışırlar, hətta şərtlər irəli sürürlər.

Bakının tələbini bu günlərdə Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyev irəli sürüb. O deyib ki, Ermənistan Azərbaycanla Naxçıvan arasında maneəsiz, gömrük və sərhəd nəzarəti olmadan əlaqəni təmin etməlidir.