Yan 19, 2024 14:39 Asia/Baku
  • “Nəqliyyat vasitəsinə Rusiya nəzarət etməlidir”

Dünən Paşinyan bildirib ki, İrəvan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəmir yolu və quru yol əlaqəsini İranla eyni şərtlərdə təmin etməyə hazırdır. Paşinyanın bu açıqlamasına Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovdan dərhal cavab gəlib.

"Mən burada heç bir məntiq görmürəm. Bu marşrutları müqayisə etmək yersizdir", - deyən Rusiya XİN başçsısı sözünə belə davam edib:

"10 noyabr 2020-ci il sənədində Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında hər iki istiqamətdə nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinə təminat verməsi və bu nəqliyyat rabitəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin həyata keçirilməsi əksini tapıb. Lakin indiyədək bu məsələ reallaşmayıb", - Sergey Lavrov mətbuat konfransında deyib.

Rusiyanın xarici işlər naziri Ermənistanın Sünik rayonundan keçən marşrutun açılmasını Ermənistan üçün faydalı hesab edərək bunun kağız üzərində qalmasından təəssüfləndiyini dilə gətirib və bunun səbəbini qərb dövlətlərinin rəsmi İrəvana təsiri ilə əlaqələndirib.


Rusiyalı nazir əlavə edib ki, bu məsələ dəfələrlə müzakirə edilib və qarşılıqlı razılşamaya gəlinib, lakin sonradan İrəvan tamamilə fərqli mövqe sərgiləyib. "Mən əsasən Azərbaycanla Naxçıvan arasında nəqliyyatın açılması prinsipləri haqqında razılaşmanın kağız üzərində tamamlanmasına nəyin mane olduğunu bilmirəm”, - Lavrov qeyd edib.

Lavrov qeyd edib ki, 2021-ci ildə Rusiya, Ermənistan və Azərbaycanın baş nazirləri səviyyəsində yaradılan üçtərəfli işçi qrup çərçivəsində müəyyən edilib ki, bütün kommunikasiya və marşrutlar açılan zaman, ərazisindən istənilən bu cür marşrutun keçdiyi ölkə öz ərazisində bu marşrutlar üzərində suverenliyini və yurisdikasiyasını tam qoruyub saxlayır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Sünikdən keçən kommunikasiyaların Ermənistan üçün faydalı layihə olduğunu, bu məsələ ilə bağlı Azərbaycanla razılıq əldə olunsa da, İrəvanın öhdəliyi yerinə yetirmədiyini dilə gətirməsindən sonra Ermənistanda partiya sədri Rusiyanı düşmən adlandırıb.

“Rusiya Xarici İşlər Nazirliyinin Sünikdən keçən tranzit yollarla bağlı açıqlaması İrəvanın deyil, bizə düşmən olan ölkənin maraqlarına xidmət edir. Yəni Rusiya da düşmən ölkədir. Bu səbəblə Sünikdən rus konsulluğu çıxarılmalı, ümumiyyətlə, Rusiya kapitalının bölgədə varlığına son qoyulması prosesinə başlanılmalıdır”,- Ermənistanın “Respublika” partiyasının lideri Aram Sərkisyan deyib.