Yan 27, 2024 15:15 Asia/Baku
  • Ermənistan itkin düşmüş şəxslərlə bağlı əməkdaşlığa hazırdır

Ermənistanın Əsir, girov götürülmüş və itkin düşmüş şəxslərin məsələləri üzrə idarələrarası komissiyası Azərbaycan tərəfinə əməkdaşlığı gücləndirmək çağırışı edib. Bu barədə komissiyanın bəyanatında bildirilib.

Azərbaycan XİN-in dünən minalarla bağlı yaydığı bəyanatında son 30 il ərzində itkin düşmüş 4000-ə yaxın azərbaycanlıların aqibəti, habelə azərbaycanlıların dəfn olunduğu kütləvi məzarlıqların yerləri barədə Ermənistandan məlumat tələb etməsinin ardınca Ermənistan tərəfi buna hazır olduğunu bildirib.

“Ermənistan dəfələrlə, o cümlədən yüksək səviyyədə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün Azərbaycanla əməkdaşlığa hazır olduğunu bəyan edib”, - Ermənistanın Əsir, girov götürülmüş və itkin düşmüş şəxslərin məsələləri üzrə idarələrarası komissiyasının bəyanatında deyilir.

Komissiya qeyd edib ki, 90-cı illərin əvvəllərindən 993 erməni - Ermənistan vətəndaşı və Qarabağ ermənisi itkin düşmüş hesab edilib və İrəvan onların taleyinə aydınlıq gətirməkdə maraqlıdır.

 “Ermənistan 2020-ci ilin noyabrından başlayaraq 44 günlük müharibədə həlak olan 51 azərbaycanlının, o cümlədən 90-cı illərdə həlak olmuş 50-yə yaxın insanın cəsədinin mümkün dəfn olunduğu yerləri göstərən topoqrafik materialları Azərbaycana verib”, - bəyanatda qeyd edilib.

Qeyd edək ki, 90-cı illərdə itkin düşən 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi üçün Azərbaycan dəfələrlə Ermənistana çağırış edib.