Erməni xalqı Paşinyanın təklifi ilə razılaşmaya bilər
Azərbaycan ilə Ermənistan arasında sülh sazişi bu il reallaşacaqmı? - AKTUAL
Əvvəlki optimist bəyanatlara baxmayaraq, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması baş tutmaya bilər.
Analitiklər bildirirlər ki, sülh müqaviləsinin imzalanmasında vasitəçilik etmək üçün Qərblə Rusiya arasında qızğın rəqabət gedir.
Azərbaycan prezidenti İlham Əliyev fevralın 1-də Dünya Parlamentlərarası Birliyinin baş katibi “Martin Çunqonq”u qəbul edərkən Ermənistanla sülh danışıqlarına toxunaraq bildirib ki, Ermənistanın müstəqillik bəyannaməsində Dağlıq Qarabağın bu ölkəyə inteqrasiyası ilə bağlı birbaşa müraciətlər var və bu sənədəki istinadlar Ermənistan Konstitusiyasında öz əksini tapıb.
O, vurğulayıb ki, bu iddialara son qoyulsa, Ermənistan Konstitusiyasına və bu ölkənin digər hüquqi sənədlərinə dəyişiklik edilsə, sülh əldə oluna bilər.
Bu arada Ermənistanda konstitusiyanın dəyişdirilməsi ilə bağlı müzakirələr başlayıb və baş nazir ölkəsinin tamamilə yeni konstitusiyaya ehtiyacı olduğunu deyib.
O, regionda yaranmış yeni geosiyasi şəraitdə bu məsələnin çox vacib olduğunu izah edib.
Bu müzakirələrin necə yekunlaşacağı hələ bəlli deyil.
Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədr müavini Hikmət Babaoğlu “Turan” agentliyinə açıqlamasında deyib ki, yeni tələblər kimi qəbul edilən məsələlər artıq sülh masasına qoyulub.
Deputatın fikrincə, nə qədər ki, xarici dövlətlər Ermənistana müdaxilə edəcək, sülhün əldə olunmasına imkan verməyəcəklər.
Siyasi şərhçi Ərəstun Oruclu isə deyib: “Əvvəlki optimist bəyanatlara baxmayaraq, sülh sazişinin imzalanması baş tutmayacaq. Çünki sülh sazişinin imzalanması Cənubi Qafqaz regionunda çox ciddi geosiyasi dəyişikliklərə səbəb olur”.
O, vurğulayıb ki, Azərbaycanın iddiasına görə, Ermənistan Konstitusiyasının Azərbaycana və Türkiyəyə ərazi iddiası var. Yəqin ki, referendum keçiriləcək. Əgər erməni xalqı dəyişikliyə səs verməsə, sülh müqaviləsinin imzalanmaması ehtimalı var, ona görə də bu il sülh sazişinin imzalanacağını gözləmir.