Ermənistan iki yol ayrıcında:
Sülh müqaviləsi üçün konstitusiya dəyişəcəkmi?
Ermənistanda müxalifət partiyası bəyan edib ki, Paşinyan Azərbaycan Respublikasının tələbi ilə konstitusiyanı dəyişməyə və Qarabağla bağlı maddəni konstitusiyadan çıxarmağa çalışır, lakin Ermənistan hökuməti ölkə konstitusiyasından yüksək heç bir sənəd imzalaya bilməz.
Daşnaksütyun partiyasının nümayəndəsi Qaqam Manukyan Ermənistan parlamentində etdiyi çıxışında bunu deyib.
Görünür, Manukyan “sənəd” dedikdə Ermənistanla Azərbaycan Respublikası arasında mümkün sülh sazişini nəzərdə tutub.
O bildirib ki, Nikol Paşinyan hökuməti Azərbaycan Respublikasının tələbi ilə konstitusiyaya dəyişiklik etməyə çalışır.
Ermənistan Konstitusiyası bu ölkənin 1990-cı ildə müstəqilliyini elan etməsinə istinad edir. Öz növbəsində bu bəyannamədə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Sovet Ermənistanına birləşdirilməsi haqqında 1989-cu ildə qəbul edilmiş qanuna istinad edilir.
Keçən həftə Paşinyan növbəti dəfə mövcud konstitusiyanı tənqid edərək bildirdi ki, bu müddəalar qüvvədə qaldıqca, Ermənistanla Azərbaycan Respublikası arasında heç vaxt sülh yaranmayacaq.
Müxalifət partiyasının deputatı iddia edib ki, Konstitusiya Məhkəməsinin qərarına əsasən, Konstitusiyanın birinci maddəsinin izahatı hətta referendum yolu ilə də ləğv edilə bilməz.
Azərbaycan prezidenti İlham Əliyev fevralın 1-də bildirib ki, Ermənistanın müstəqillik bəyannaməsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı birbaşa müraciətlər var və bu sənədə istinadlar Ermənistan konstitusiyasında öz əksini tapıb.
Erməni ekspert Ara Hazmalyan deyir: “Beynəlxalq hüququn əsas prinsipidir ki, heç bir hökumət beynəlxalq müqavilədəki öhdəliklərini yerinə yetirməkdən yayınmaq üçün yerli qanunlara, o cümlədən konstitusiyaya istinad edə bilməz. Amma bu da bir həqiqətdir ki, hər bir beynəlxalq müqavilə ratifikasiya olunmalıdır, əgər konstitusiyaya ziddirsə, ratifikasiya oluna bilməz”.
Bununla bağlı qızğın müzakirələrə baxmayaraq, Ermənistanda yeni konstitusiya layihəsinin təqdim edilib-edilməyəcəyi hələ məlum deyil.