Fev 12, 2024 16:33 Asia/Baku
  • “Sülh prinsipləri üç beynəlxalq formatda razılaşdırılıb”

Ermənistanın baş naziri bəyan edib ki, onun ölkəsi ilə Azərbaycan arasında sülh prinsipləri üç beynəlxalq formatda razılaşdırılıb.

Nikol Paşinyan Londonda çıxan “The Telegraph” nəşri ilə müsahibədə sülh sazişinin niyə gecikdirilməsi ilə bağlı sualı cavablandırarkən deyib: “Biz uzun müzakirələrdən sonra bəyanat qəbul etdik ki, 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birimizin ərazi bütövlüyünü tanıyırıq. İkinci mühüm bənd ondan ibarətdir ki, Almatı bəyannaməsi iki ölkə arasında demarkasiya və delimitasiya üçün əsas olmalıdır”.

Paşinyanın sözlərinə görə, oktyabrın 30-da Rusiyada yazılı bəyanat imzalanıb və orada da onlar bir-birlərinin ərazi bütövlüyünü tanıdıqlarını və güc tətbiq etməkdən çəkindiklərini qeyd ediblər.

Paşinyan deyib ki, əslində sazişin arxitekturası və prinsipləri razılaşdırılıb.

“Ötən ilin sonunda bizə elə gəldi ki, biz yekun müqavilənin mətnini nəhayət razılaşdırmağa çox yaxınıq. Sonra Azərbaycanda prezident seçkiləri təyin olundu və biz bu mərhələdəyik. Deyə bilərəm ki, Ermənistan hökumətinin regionda sülhə getməyə və Azərbaycanla sülh müqaviləsi imzalamağa siyasi iradəsi vardır”, - deyə Paşinyan vurğulayıb.

O əlavə edib ki, Əliyev Qranada, daha sonra Brüssel görüşlərindən imtina edib. Bu isə o deməkdir ki, Azərbaycan addım-addım əldə olunan razılaşmadan imtina edir.