Paşinyan Azərbaycanla yanaşı Rusiyanı da ittiham etdi:
“Bu ölkələr 10 noyabr atəşkəs sazişini pozurlar”
Ermənistanın baş naziri Rusiya və Azərbaycanı 2020-ci ildəki atəşkəs sazişini pozmaqda ittiham edib.
Münhendə erməni icmasının üzvləri ilə görüşündə çıxış edən Nikol Paşinyan deyib ki, həm Rusiya, həm də Azərbaycan öz öhdəliklərini tamamilə pozublar və bu gün Dağlıq Qarabağda heç bir erməni qalmayıb. Bu, həm də Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlı kontingentinin üzərinə düşür və onun məqsədi Qarabağ ermənilərinin müdafiəsi olmalı idi.
Bununla da Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlı kontingentini oradakı erməniləri qoruya bilməməkdə günahlandırıb.
Zəngəzur dəhlizi məsələsinə gəlincə Ermənistanın baş naziri deyib: “10 noyabr sazişində Ermənistanın hansısa ərazisinə başqa ölkənin nəzarət etməsi ilə bağlı heç nə yoxdur. Söhbət yalnız regional əlaqələrdən gedir. Azərbaycan elə təəssürat yaratmağa çalışırdı ki, guya biz heç kimə yol vermək istəmirik. Guya Rusiya bizim ərazimizdə nəyəsə nəzarət etməlidir, 9-cu maddədə belə bir şey yoxdur, üçtərəfli bəyanatın Azərbaycan və Rusiya tərəfindən əsasən cırılıb atılan bütün qalan maddələrini demirəm. 9-cu maddəyə istinad etmək artıq aktual deyil”, - deyə Nikol Paşinyan vurğulayıb.
O qeyd edib ki, üçtərəfli bəyanatının 9-cu maddəsində Ermənistan ərazisindən keçən hər hansı dəhlizlə bağlı heç nə yoxdur, onu tapmaq mümkün deyil.