Rusiyanın planı baş tutacaqmı?
Ermənilər Qarabağa qayıtmaq istəyirlər - AKTUAL
Qarabağı tərk etmiş ermənilərin qayıdışı üçün konkret addımlar atılır.
Buraxılmış dırnaqarası Dağlıq Qarabağ Respublikası parlamentinin spiker əvəzi deyib ki, Qarabağı tərk etmiş ermənilərin qayıdışı üçün konkret addımlar atılır.
Qagik Bağunts “konkret addımların” nədən ibarət olmasını şərh etməyib. O yalnız bunu deyib ki, Qarabağın separatçı liderləri dünya gücləri ilə əməkdaşlığa, hətta Azərbaycan hakimiyyəti ilə təmaslara hazırdırlar.
Azərbaycan hökuməti dəfələrlə bildirib ki, Qarabağ erməniləri evlərinə qayıdıb yaşamaqda sərbəstdirlər, amma bunun üçün Azərbaycan vətəndaşlığını qəbul etməli və ölkə qanunlarına tabe olmalıdırlar.
Xatırladaq ki, fevralın 14-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib: “Moskva və Bakı arasında Rusiya sülhməramlılarının Qarabağda qalması və ora erməni əhalisinin qaytarılması məsələsi ilə bağlı yeni müzakirələr planlaşdırılır”.
Az öncə TASS-a açıqamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin demişdi ki, Rusiya Qarabağ ermənilərinin arzu etdikləri təqdirdə onların bölgəyə təhlükəsiz qayıtmasına şərait yaratmağa hazırdır.
“Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti bölgəni tərk edib. Bu, onların çətin, lakin könüllü seçimi idi. Bu baxımdan, geri qayıtmaq istəyənlərin hüquqlarını və təhlükəsizliyini lazımı qaydada təmin etməklə, geri qayıtmasına şərait yaradılması vacibdir. Biz bu prosesə hər cür yardım göstərməyə hazırıq, o cümlədən Rusiya sülhməramlı kontingenti vasitəsilə", - deyə Qaluzin söyləmişdi.