Mart 14, 2024 13:39 Asia/Baku
  • Zaxarova: İrəvan ikitərəfli münasibətlərə zərər vurur

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü İrəvanın əsas beynəlxalq hava limanından Rusiya sərhədçilərinin çıxarılması tələbinə münasibət bildirib.

Mariya Zaxarova deyib ki, Ermənistan hökuməti ikitərəfli münasibətlərə, habelə Ermənistanın təhlükəsizliyinə və iqtisadi inkişafına “düzəlməz zərər” vurmaq riskinə girib.

Moskva ilə münasibətlərin gərginləşməsi fonunda Ermənistanın baş naziri Nikol Paşinyan martın 12-də bildirmişdi ki, İrəvan Rusiya sərhədçilərinin Zvartnotsdan çıxarılması üçün Moskvaya avqustun 1-dək vaxt verib.

Paşinyan əlavə etmişdi ki, Ermənistan bundan sonra hava limanındakı sərhəd nəzarətini “Rusiyanın köməyi olmadan” həyata keçirə bilər.

Zaxarova bu ultimatuma cavab olaraq bildirib ki, İrəvanın bu barədə Ermənistandakı Rusiya sərhədçilərinin komandanlığına göndərdiyi bildiriş Paşinyan hökumətinin Moskvaya qarşı “dost olmayan” çoxsaylı addımlarından yalnız sonuncusudur:

“Rusiya və Ermənistan sərhədçilərinin uzun illər çiyin-çiyinə səmərəli xidmət etməsi nəzərə alınarsa, bu təşəbbüs çətin ki, Ermənistanın və onun vətəndaşlarının təhlükəsizlik maraqlarına xidmət etsin”, - deyə rusiyalı rəsmi qeyd edib.

Rusiya XİN-in nümayəndəsi habelə iki ölkə arasında baş verənlərdə Fransanı günahlandırıb və deyib: “Parislə hərbi-texniki əməkdaşlığı genişləndirən İrəvan üzdəniraq sponsorlarının əsl niyyətlərini, regionda Fransa hərbi mövcudluğunun yaratdığı riskləri dərk etmir. Fransanın Ermənistanın təhlükəsizliyini təmin etməyə hazır və ya qabil olmasını düşünmək sadəlövhlük olardı. Əgər Fransa buna qabil olsaydı, bunu müqavilə öhdəlikləri olan və buna görə pul aldığı Afrika qitəsində edərdi”.

 

Teqlər