Mart 24, 2024 14:30 Asia/Baku
  • Rusiyada ümummilli matəm elan edilib

Bazar günü, martın 24-də Rusiyada Moskva yaxınlığındakı Crocus City Hall-da baş vermiş terror aktı qurbanları üçün ümummilli matəm elan edilib.

Sputnik Azərbaycanın verdiyi məlumata görə, ölkədə dövlət bayraqları endirilib, mədəniyyət ocaqlarına əyləncə tədbirlərini ləğv etmək tövsiyə olunub. Federal televiziya kanalları əyləncə proqramlarını və reklamları efirdən çıxararaq yayım cədvəlini dəyişdiriblər.

22 mart 2024-cü ildə Moskva yaxınlığındakı Crocus City Hall-da terror aktı törədilib. Bir neçə nəfər terrorçu dinc sakinlərə atəş açıb və cinayətkarların hərəkətləri nəticəsində konsert zalının binasında genişmiqyaslı yanğın baş verib.

Crocus City Hall-da törədilən terror aktı nəticəsində 133 nəfər həlak olub, 152 nəfər yaralanıb. Bu yenilənmiş məlumatlar Rusiya Fövqəladə Hallar Nazirliyindən verilib. Ölənlər arasında üç uşaq da var.

Rusiya Federal Təhlükəsizlik Xidməti terror aktı ilə bağlı 11 nəfərin, o cümlədən terrorda birbaşa iştirakda şübhəli bilinən 4 nəfərin saxlanıldığını açıqlayıb. Saxlanılma Bryansk vilayətində baş verib.

Qeyd edək ki, İŞİD terror qruplaşması Crocus City Hall-da törədilən terror aktının məsuliyyətini öz üzərinə götürüb.