Mart 28, 2024 15:39 Asia/Baku
  • Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək konfransı keçiriləcək

5 aprel 2024-cü il tarixinə planlaşdırılan Aİ-Ermənistan-ABŞ müştərək konfransı rəsmi Bakının etirazına səbəb olub. ABŞ isə bu etirazın yersiz olduğunu bildirib.

5 aprel 2024-cü il tarixində Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında Ermənistan üçün təhlükəsizlik zəmanətinə dair sənədin imzalanmasının da planlaşdırıldığı Aİ-Ermənistan-ABŞ müştərək konfransı keçiriləcək.

ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşündə ABŞ dövlət katibi Blinken,USAID rəhbəri Samanta Pauer, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edəcəklər.

Azərbaycan XİN rəsmisi Ayxan Hacızadə dünən bildirib ki, “Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır”,- Ayxan Hacızadə deyib.

Rəsmi Bakının bu bəyanatına cavab isə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerdən gəlib:

"Aprelin 5-də bu görüşdə əsas diqqət Ermənistana öz ticarət əlaqələrini şaxələndirməyə və humanitar ehtiyacları həll etməyə kömək etmək üçün iqtisadi dayanıqlığa yönəldiləcək. Mən başa düşmürəm ki,  niyə bu, hər hansı ölkə üçün problem olmalıdır”,-Miller deyib.

Ermənistan-Aİ-ABŞ görüşünə bu gün rəsmi Moskvadan da sərt reaksiya verilib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi Moskvanın bu grüşdən narahatlığını bildirib:

"Bu cür hadisələr Rusiyada narahatlıq doğurur, çünki ABŞ və Aİ nümayəndələri bizim tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas diqqəti yalnız Rusiyaya qarşıdır. Onlar bunu birbaşa, açıq mətnlə deyirlər" - Zaxarova "Telegram" kanalında yazıb.

O qeyd edib ki, bu cür görüşlər Bakı ilə İrəvan arasında sülh deyil, Qərbi öz destruktiv yanaşmaları ilə Cənubi Qafqaza tanıtmaq, orada yeni bölücü xətlər yaratmaq, region ölkələrini bu görüşə məcbur etmək məqsədi daşıdığından regionda da narahatlıq yaradır.

"Niyə rəsmi İrəvan nədən söhbət getdiyini başa düşmədiyini iddia edir, böyük sualdır. Axı Ermənistan bütün dünyanın gözü qarşısında kollektiv Qərbin son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevrilir. Erməni xalqının köklü maraqları ilə tamamilə ziddiyyət təşkil edir" - Zaxarova vurğulayıb.