Paşinyan:
SSRİ-nin dağılması zamanı mövcud olan sərhəd bərpa olunacaq
Ermənistan və Azərbaycan ilk dəfə olaraq məsələni danışıqlar masası arxasında həll etdi. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi üzrə razılaşmaları şərh edərkən deyib:
“Mən baş verənləri çox şişirtməyimizi istəməzdim, eyni zamanda, qiymətləndirməməyimizi də. Qeyd etmək çox vacibdir ki, Ermənistan və Azərbaycan ilk dəfə olaraq məsələni danışıqlar masası arxasında həll edib”,-Paşinyan bildirib.
Qeyd edək ki aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə iki ölkənin müvafiq qrumlarının nümayəndələrinin səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistanın nəzarətində olan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.
Erməni baş nazir bildirir ki, bu razılaşma ilə Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb, həmçinin təsdiqləyiblər ki, yeni sərhəd yaradılmır, SSRİ-nin dağılması zamanı mövcud olan sərhəd bərpa olunacaq.
Delimitasiya komissiyalarının razılaşmasında Almatı Bəyannaməsinin əsas götürülməsi Ermənistan üçün sərhədin SSRİ dağılanda mövcud olan xətlərə uyğun müəyyənləşməsi mövqeyində “istinad nöqtəsi” əldə etmək baxımından vacib hesab olunur və İrəvan 4 kənd qarşılığında bu qazancı əldə etdiyini düşünür.
Ermənistan Baş naziri Nikol Paşinyan aprelin 20-də Stepanavanda jurnalistlərlə söhbətində də Ermənistan və Azərbaycan arasında imzalanmış protokola istinad edərək bildirib ki, Ermənistanda anklavlar/eksklavlar mövzusuna çox allergik münasibət var, amma xatırlatmaq istəyirəm ki, biz anklavlar/eksklavlar mövzusundan imtina edə bilmərik.
“29 min 743 kvadrat kilometr əraziyə malik Ermənistan ərazisinə Başkənd (Artsvaşen) də daxildir. Biz razılaşdıq ki, bu məsələni həll edəcəyik.
Biz de-yure əsaslandıracağıq ki, Başkənd anklavı Ermənistana məxsusdur. Biz bunu əsaslandırdığımız zaman Başkənd sərhədinin demarkasiyası baş verməlidir və biz irəliləyəcəyik və baxacağıq ki, hansı həll yolları var”.