Ermənistan səfiri Rusiyanı ittiham etdi:
“Qarabağın keçmiş rəhbərlərini Rusiya Azərbaycana təhvil verdi”
Ermənistanın Avropa İttifaqındakı səfiri Qarabağın keçmiş rəhbərlərinin Azərbaycan tərəfindən həbsinə görə Rusiya sülhməramlılarını günahlandırıb.
Səfir Tiqran Balayan “The Moscow Times” qəzetinə müsahibəsində bildirib: “Ruben Vardanyan oğurlanıb, Dağlıq Qarabağın bütün keçmiş rəhbərləri Rusiyanın müdafiəsi altında olub. Onlar Rusiya sülhməramlı kontingentinin razılığı ilə Azərbaycana köçürülüblər”.
Diplomat qeyd edib ki, “Vardanyan Ermənistana getməyə çalışıb. Azərbaycan qüvvələri isə onun hansı maşınla Ermənistana getdiyini biliblər, ona görə də onu Rusiya tərəfinin fasiləsiz fəaliyyətini təmin etməyə borclu olduğu Laçın dəhlizindən qanunsuz olaraq oğurlayıblar”.
Ermənistan səfiri sonra deyib: “Digər keçmiş rəhbərlər Bako Sahakyan, Arkadi Qukasyan da Qarabağ hava limanında yerləşən Rusiya sülhməramlı kontingentinin bazasından sözün əsl mənasında Azərbaycana gətiriliblər. Onlar hava limanında Rusiya bazasında və Rusiyanın müdafiəsi altında olublar”.