May 12, 2024 14:24 Asia/Baku
  • Konqres üzvləri Gürcüstan hökumətini cəzalandırmağa çağırdı

ABŞ Konqresinin 29 üzvü Gürcüstanda xarici agentlər haqqında qanun layihəsinin geri götürülməsini tələb edib.

Bu məlumata əsasən, konqresmenlər Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə açıq məktub göndərərək “xarici agentləri haqqında” qanun layihəsinin parlamentdən geri götürülməsini tələb ediblər.

Konqres üzvləri xəbərdarlıq edirlər ki, əks halda onlar Senatın Gürcüstana qarşı sanksiyalar təşəbbüsünə qoşulacaqlar.

Bəyanatda hakimiyyətin qanun layihəsinin əleyhdarlarına qarşı tətbiq etdiyi üsullardan, həmçinin Gürcüstanın kölgə hakimi hesab edilən hakim “Gürcü arzusu” partiyasının fəxri sədri, oliqarx Bidzina İvanişvilinin mövqeyindən dərin narahatlıq ifadə edilir.

Xatırladaq ki, 14 ABŞ senatorundan ibarət ikipartiyalı qrup 2024-cü il aprelin 26-da Gürcüstan hökumətinə çağırış edərək, bildirmişdilər ki, xarici agentlər haqqında qanun layihəsi qüvvəyə minərsə, Gürcüstana qarşı sanksiyalar və viza məhdudiyyətləri tətbiq ediləcək.

Aprelin 29-da keçmiş baş nazir və hazırkı “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili çıxış edərək müxalifət nümayəndələrinin “cəzalandıracağını” bildirib.

Bundan bir qədər əvvəl rusiyalı ideoloq Aleksandr Duqin Gürcüstanın düzgün yolda olduğunu, Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə qanun layihəsini dəstəklədiyini bildirib.

 “Xarici agentlər” qanun layihəsi mayın 13-də parlamentdə üçüncü və son oxunuşdan keçə bilər. Lakin qanun layihəsinə prezident Salome Zurabişvilinin veto qoyacağı gözlənilir.

Mübahisəli qanun layihəsində nəzərdə tutulur ki, media orqanları, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları maliyyələrinin 20 faizindən çoxu xaricdən gəlirsə, “xarici dövlətin maraqlarını güdən” kimi qeydiyyatdan keçməlidirlər.

Aİ rəsmiləri bəyan ediblər ki, sözü gedən qanun layihəsi Gürcüstanın Avropa İttifaqına daxil olması yolunda ciddi maneə ola bilər.

Qanun layihəsinin əvvəlki variantı “Gürcü arzusu”nun müttəfiqləri tərəfindən 2023-cü ildə təqdim edilib, lakin geniş ictimai etirazdan sonra geri götürülüb.

Kobaxidze hökuməti israr edir ki, qanun Aİ standartlarına uyğundur və yalnız “şəffaflığı” artırmaq və ölkənin siyasi arenasında “zərərli xarici təsirin” qarşısını almaq məqsədi daşıyır.