Paşinyan protokolu böyük uğur adlandırıb
Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında delimitasiya haqqında protokolun imzalanmasını böyük uğur adlandırıb. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Paşinyan hökumətin iclasında qeyd edib ki, bu, Ermənistanın suverenliyinin və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşı olub.
O deyib ki, müstəqillik tarixində ilk dəfə olaraq Ermənistan rəsmi delimitasiya edilmiş sərhədə malikdir ki, bu da təkcə bu hissədə deyil, həm də Ermənistan-Azərbaycan sərhədinin bütün perimetri boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq. Paşinyan bu prosesə görə Mqer Qriqoryanın rəhbərlik etdiyi Ermənistan hökumət komissiyasına və digər səlahiyyətli strukturlara təşəkkür edib.
Xatırladaq ki, mayın 15-də iki ölkənin şərti sərhədində Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib. Nəticədə bir neçə yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ Sərhəd Qoşunları Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş protokol-təsviri razılaşdırılıb.