İyun 04, 2024 21:18 Asia/Baku
  • Türkiyə ilə razılaşmaları həyata keçirməyin vaxtı çatıb

Ermənistanın xarici işlər naziri deyib ki, Ermənistan və Azərbaycan konstitusiyaları uzunmüddətli sülhün bərqərarı üçün problem ola bilməz.

Ermənistan və Azərbaycan bir-birinin konstitusiyalarında uzunmüddətli sülhün bərqərarı üçün maneələr görürlər, lakin onlara dəyişiklik edilməsi məsələsi Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinə daxil deyil. Bu barədə iyunun 4-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentdə çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan konstitusiyaları uzunmüddətli sülhün bərqərarı üçün problem ola bilməz. "Bizim və ya onların konstitusiyasına düzəlişlər Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinin tərkib hissəsi deyil, 2018-ci ildən Ermənistan hakimiyyəti konstitusiyaya dəyişikliklərin edilməsi barədə danışır", - Mirzoyan deyib.
Mirzoyan Türkiyə ilə barışığa toxunaraq deyib ki, münasibətlərin normallaşması məsələsilə bağlı Ermənistan və Türkiyənin geniş qarşılıqlı anlaşması var.
"Bizim bir sıra məsələ üzrə geniş qarşılıqlı anlaşmamız var və razılaşmaları həyata keçirməyin vaxtı çatıb", - Mirzoyan deyib.
Qeyd edək ki, Azərbaycan Respublikasında bir çox təhlilçilərin fikrincə Ermənistan həm konstitusiyasında, həm də müxtəlif dövlət rəmzlərində olan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasını özündə əks etdirən nümunələrini aradan qaldırmalıdır.
Bildirilir ki, 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti "Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi" haqqında qərar qəbul edib. Hazırda qüvvədə olan Ermənistan konstitusiyasında bu qərara istinad mövcuddur.
Həmçinin Ermənistan Ağrı dağını öz əraziləri kimi hesab etdiyindən öz gerblərində ona yer verib.
Digər tərəfdən Azərbaycan Respublikasının konstitusiyasına görə, hazırkı Azərbaycan Respublikası Azərbaycan SSR-in yox, AXC-nin hüquqi-siyasi varisidir - sonuncunun bütün atributları ilə birgə. AXC dövründəki ərazilər ilə indiki Azərbaycan Respublikasının əraziləri arasında fərq olduğundan bu ölkənin də konstitusiyasına dəyişiklik mövzusu gündəmə gəlir həm də ona görə ki, BMT Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü sovet sərhədləri çərçivəsində tanıyıb. Analitiklərə görə əgər Azərbaycan və Ermənistan bu çərçivədə qarşılıqlı olaraq biri birinin ərazi bütövlüyünü tanıyacaq və bu əsasda sülh müqaviləsi imzalayacaqlarsa bu iki ölkənin konstitusiyalarında həmin tanımnı kölgəyə salan cəhətlər aradan qaldırılmalıdır.