İyun 08, 2024 12:43 Asia/Baku
  • Sülh sazişi və konstitusiya problemi

Azərbaycan Respublikası prezidenti İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə deyib ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması mümkün deyil.

Azərbaycan və Ermənistan arasındakı kövrək sülh danışıqları ilə bağlı tərəflərin davamlı yenilənən açıqlamaları mövcud prosesin hansı istiqamətdə cərəyan etməsi ilə bağlı aydın fikir formalaşmasına kifayət etmir.

Ermənistan XİN Azərbaycan liderinin sülh sazişi ilə bağlı açıqlamasından sonra bəyanat yayıb. XİN-in bəyənatında bildirilib ki, Ermənistan bir ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesində qazanılmış pozitiv dinamika hazırda sülh müqaviləsinin yaxın aylarda imzalana biləcəyi ilə bağlı təəssürat yaradır.

Azərbaycan prezidentinin Ermənistanın hazırkı konstitusiyası ilə bağlı fikirlərindən bir müddət əvvəl Ermənistan XİN rəhbəri Ararat Mirzoyan bildirib ki,Ermənistan və Azərbaycan bir-birinin konstitusiyalarında uzunmüddətli sülhün bərqərarı üçün maneələr görürlər, lakin onlara dəyişiklik edilməsi məsələsi Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinə daxil deyil.

Hazırda Paşinyan hakimiyyəti ciddi basqılarla üz-üzə qalıb. Ermənistan daxilindəki revanşistlərin hakimiyyətə gəlmək istəyi fonunda konstitusiya dəyişikliyi ilə bağlı keçiriləcək istənilən referendum Paşinyan hakimiyyətinə qarşı olanların dairəsini genişləndirmiş olacaq. Bu isə bölgəyə qalıcı sülhün gəlməsini uzun müddət ləngidə, hətta hərbi toqquşma ehtimallarını gündəmə gətirə bilər.

 

Qeyd edək ki, Azərbaycan Respublikasında bir çox təhlilçilərin fikrincə Ermənistan həm konstitusiyasında, həm də müxtəlif dövlət rəmzlərində olan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasını özündə əks etdirən nümunələrini aradan qaldırmalıdır.
Bildirilir ki, 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti "Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi" haqqında qərar qəbul edib. Hazırda qüvvədə olan Ermənistan konstitusiyasında bu qərara istinad mövcuddur.

Digər tərəfdən Azərbaycan Respublikasının konstitusiyasına görə, hazırkı Azərbaycan Respublikası Azərbaycan SSR-in yox, AXC-nin hüquqi-siyasi varisidir - sonuncunun bütün atributları ilə birgə. AXC dövründəki ərazilər ilə indiki Azərbaycan Respublikasının əraziləri arasında fərq olduğundan bu ölkənin də konstitusiyasına dəyişiklik mövzusu gündəmə gəlir həm də ona görə ki, BMT Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü sovet sərhədləri çərçivəsində tanıyıb. Analitiklərə görə əgər Azərbaycan və Ermənistan bu çərçivədə qarşılıqlı olaraq biri birinin ərazi bütövlüyünü tanıyacaq və bu əsasda sülh müqaviləsi imzalayacaqlarsa iki ölkənin konstitusiyalarında həmin tanımanı kölgəyə salan cəhətlər aradan qaldırılmalıdır.

 

Teqlər