İyun 09, 2024 18:40 Asia/Baku
  • Zaxarova: Aİ-nin Ermənistandakı missiyası bölgədə sabitliyi pozur

Rusiyanın XİN sözçüsü Avropa İttifaqının Cənubi Qafqazda təxribatla məşğul olduğunu vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Rusiya tərəfinin avropalı müşahidəçilərin casusluqda şübhəli olması ilə bağlı Parisi xəbərdar edib-etməməsi sualına cavab verərkən bildirib: “Aİ-nin Ermənistandakı missiyasından xarici siyasətdə sabitliyin pozulması və regionun başqa bir geosiyasi rəqabət meydanına çevrilməsindən başqa heç nə gözləmək olmaz”.

Zaxarova qeyd edib ki, Moskva açıq şəkildə Aİ-nin Ermənistandakı missiyasına mənfi münasibətini bildirib.

O deyib: “Biz dəfələrlə Aİ müşahidəçilərinin Ermənistan ərazisindəki bu paramilitar mövcudluğunun qarşıdurma xarakterini şərh etmişik. Bu missiya getdikcə daha aydın görünür və missiyaya Aİ-nin üzvü olmayan NATO ölkələri də qoşulmağa başlayandan bu daha aydın görünür”.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Cənubi Qafqazda bütün məsələlər regional ölkələrin kollektiv səyləri əsasında, müstəsna olaraq onların maraqlarına uyğun və kənar müdaxilə olmadan həll edilməlidir və edilə bilər.

Xatırladaq ki, Aİ-nin uzunmüddətli missiyası 2023-cü il fevralın 20-dən 2 il müddətinə Ermənistanda yerləşib və ilkin olaraq 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Aİ missiyanın 209 nəfərə genişləndiriləcəyini elan edib. Ermənistan hökuməti son iclasların birində Aİ-nin müşahidəçi statusunu təsdiqləyərək, praktiki olaraq onu diplomatik statusa bərabərləşdirib.