Ermənistanın cənubunda kommunikasiya xəttinə kim nəzarət etsin?
İrəvan bu mövzuda mövqeyini yumşaldır
Ermənistan parlamentinin sədri Alen Simonyan bu ölkənin cənubunda açılacaq yola nəzarətlə bağlı gözlənilməz bəyanatla çıxış edib.
Simonyan İrəvanın bütün yolları və kommunikasiyaları açmağa hazır olduğunu bildirib və deyib: “Əgər nə vaxtsa imkan yaranarsa və ya iki ölkə arasında kommunikasiyaya nəzarətin başqa təşkilata verilməsi variantına qayıtmaq təklifi olarsa, o zaman bu məsələ müzakirə oluna bilər. Amma düşünmürəm ki, bu, hansısa regional ölkə ola bilər”.
Qeyd edək ki, 10 noyabr 2020-ci il bəyanatına görə, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən maneəsiz yola Rusiya Federal Təhlükəszlik Xidmətinin Sərhəd Qoşunları nəzarət etməlidir.
Lakin A.Simonyan “düşünmürəm ki, bu, hansısa regional ölkə ola bilər” sözləri ilə birbaşa bəyanatın bu bəndini və region ölkəsi olan Rusiyanı nəzərdə tutub. Yəni heç bir halda nəzarətin Rusiyaya verilməyəcəyini elan edibdir.