Paşinyan Əliyevin konstitusiya şərtini rədd edib
Ermənistan baş naziri Nikol Paşinyan Rəsmi Bakının konstitusiyada dəyişiklik tələbini, sülh prosesini əngəlləmək cəhdi adlandırıb və bu məsələnin Ermənistanın daxili işi olduğunu deyib.
Paşinyan bu gün jurnalistlərə verdiyi açıqlamada Bakının konstitusiyanı dəyişdirmək tələbini şərh edərkə deyib ki, bu, Ermənistanın daxili işidir.
"Hesab edirəm ki, bu məsələni danışıqlarla əlaqələndirmək sülh prosesini əngəlləmək cəhdidir", - o deyib.
"Mən 2018-ci ildə, sonra 2019-cu ildə konstitusiyanın dəyişdirilməsindən danışdım və bu, yalnız demokratik islahatlarla bağlıdır. Biz dedik ki, konstitusiyanın dəyişdirilməsi danışıqların bir hissəsi ola bilməz", - o vurğulayıb.
“Sülh müqaviləsinin imzalanmasına qədər Azərbaycanla kommunikasiyaların açılması mümkündürmü” sualına cavabda baş nazir bunun mümkün olduğunu deyib.
"Praktiki addımlarla real dünyanı formalaşdırmaq və sonra sazişi imzalamaq tamamilə mümkündür. Ancaq istənilən halda sülh müqaviləsi imzalanmalıdır", - Paşinyan deyib. Ermənistan baş naziri bildirib ki, sülh müqaviləsinin mətni tam hazırdır və əvvəllər imzalanmış ikitərəfli sazişlər nəzərə alınmaqla yekun formaya gətirilə bilər.
6 iyunda İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən bildirmişdi ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil. Azərbaycan Respublikası prezidenti bunun Ermənistanın daxili işlərinə qarışmaq anlamına gəlmədiyini demişdi: “Onların bizə qarşı ərazi iddiaları olduğu bir vaxtda biz Ermənistanla sülh sazişi bağlaya bilmərik”,- İlham Əliyev demişdi.