İyun 13, 2024 16:50 Asia/Baku
  • Peskov: Erməni dostlarımızla işimizi davam etdirəcəyik

Kremlin sözçüsü Ermənistan baş nazirinin KTMT-dən çıxmaqla bağlı təhdidinə cavab verib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: “Erməni dostlarımızla işimizi davam etdirəcəyik, onların mövqeyini aydınlaşdıracağıq”.

Qeyd edək ki, Ermənistanın baş naziri KTMT-də iştirakının dondurulması kontekstində bəyan edib ki, növbəti məntiqi addım İrəvanın bu blokdan çıxması olacaq.

Paşinyan bildirb: “Hökumət proqramında biz KTMT-nin üzvü olaraq qalacağımızı deməmişik. Dedik ki, cavab axtaracağımız suallar var. Bunun nə vaxt baş verəcəyinə biz qərar verəcəyik. Bəlkə bir ay, bəlkə bir il sonra”.

Ermənistanın baş naziri eyni zamanda Belarusun ittifaqdan çıxacağı və ya Lukaşenko üzr istəyəcəyi təqdirdə KTMT ilə bağlı mövqeyi dəyişə biləcəyini bildirib.

“KTMT ölkələrinin liderlərindən biri müharibənin hazırlanmasında iştirak etdiyini, Azərbaycanın qələbəsini ruhlandırdığını, inandığını və arzuladığını bildirib. Bundan sonra mən Belarusun rəhbəri ilə KTMT formatında nəyisə müzakirə etməyə gedəcəyəm? Bildirirəm ki, hər nə qədər Aleksandr Lukaşenko Belarusun prezidentidir, bundan sonra bir daha Belarusa getməyəcəm. Ümumiyyətlə, bəyan edirəm ki, bundan sonra Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa getməyəcək”, - deyə Paşinyan parlamentin iclasında bildirib.