Nikol Paşinyan: “Qarabağ klerikal -feodal elitasına imkan verilməyəcək”
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağ bölgəsinin ermənilərin nəzarətindən çıxmasında Rusiya və KTMT-ni günahlandırıb.
O “Dağlıq Qarabağ klerikal -feodal elitası”nın Qarabağdan köçmüş erməni əhalidən istifadə etməklə ölkədə iğtişaşlar yaratmasq cəhdlərinə imkan verilməyəcəyini vurğulayıb.
Dağlıq Qarabağın keçmiş liderləri Rusiyanın əlində marionetka idilər və məhz buna görə ermənilər Qarabağı itirdilər. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı bildirib, Ermənistan KİV məlumat yayıb.
«Ermənistanın hazırkı hökuməti Dağlıq Qarabağın statusu məsələsini beynəlxalq normalara uyğun həll etmək üçün hər şeyi etdi, lakin Dağlıq Qarabağ və Ermənistanın xarici təsir və göstərişlərə malik klerikal-feodal elitası bunun baş verməməsi üçün hər şeyi etdi. Kulminasiya nöqtəsi bu elitanın da bayram etdiyi kimi, Dağlıq Qarabağ prezidenti Araik Arutyunyanın istefaya məcbur edilməsi oldu. Az sonra ermənilər Qarabağdan mühacirət etməyə məcbur oldular", - Ermənistan baş naziri deyib.
" Dağlıq Qarabağ və Ermənistanın klerikal -feodal elitası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından olan havadarları ilə birlikdə Qarabağ məsələsini bağladı və bunun erməni məsələsini bağlamağa, Ermənistanda marionet hökumət qurmağa və Ermənistanın müstəqilliyinə son qoymağa kömək edəcəyinə ümid etdi. Bu, işə yaramadı və işləməyəcək", - Paşinyan bildirib.
O qeyd edib ki, hökumət Ermənistanda sabitliyin pozulmasına yol verməyəcək. "Mən hökumətin siyasi iradəsini vurğulamaq istəyirəm ki, Dağlıq Qarabağ klerikal -feodal elitasının öz klan məqsədləri üçün Dağlıq Qarabağ xalqından istifadə etməyə çalışmasına imkan verməyəcəyik".
Qeyd edək ki, son günlər Ermənistanda keçmiş qondarma Qarabağ rejiminin bir sıra keçmiş meri həbs edilib. Onlar Paşinyan hökumətini devirmək məqsədilə mitinqlərə və iğtişaşlara təhrik etməkdə ittiham olunurlar.