İyun 21, 2024 19:08 Asia/Baku
  • Qaluzin: İrəvan KTMT platformasının yaratdığı imkanları dərk etməlidir

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Nazirlər Şurasının iclasında iştirak etməməsinə münasibət bildirib.

RİA Novosti agentliyinə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Xarici İşlər Nazirləri Şurasının Almatıda keçiriləcək iclasında iştirak etməməsini şərh edərkən deyib: “Moskva ümid edir ki, İrəvan KTMT platformasının regional təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq üçün bütün imkanları təmin etdiyini başa düşəcək”.

Qaluzin qeyd edib ki, Rusiya KTMT çərçivəsinə Ermənistanla müttəfiq olaraq qalır.

İyunun 19-da məlum olub ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Almatıda keçiriləcək iclasında iştirak etməyəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ilin fevralında ölkəsinin KTMT-də iştirakını dondurduqlarını bildirib. Mart ayında Ermənistanın baş naziri bəyan etmişdi ki, təşkilat İrəvanın ölkənin suveren ərazisi ilə bağlı verdiyi suallara cavab verməsə, Ermənistan KTMT-dən çıxacaq. Mayın 31-də isə Ermənistan Müdafiə Nazirləri Şurasının Almatıda keçirilən iclasında iştirak etməyib.

KTMT Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan ibarət hərbi alyansdır.