İyun 24, 2024 13:08 Asia/Baku
  • Dağıstanda 3 gün matəm elan edilib

Dünən Rusiyanın Dağıstan Muxtar Respublikasında baş vermiş terror aktları nəticəsində 20 nəfər ölüb.

Rusiya Milli Antiterror Komitəsi (MAK) Mahaçqala və Dərbənddə antiterror əməliyyatının başa çatdığını elan edib.

Rusiya KİV-lərinin yaydığı məlumata görə, MAK bütün hücum edənlərin zərərsizləşdirildiyini təsdiqləyib.

Məlumatda bildirilir ki, bazar günü axşam Dərbənd və Mahaçqalada silahlı yaraqlılar iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər.Hadisə zamanı azı 15 polis əməkdaşı, 1 keşiş, 1 kilsə mühafizəçisi və daha 3 naməlum şəxs öldürülüb. Daha 44 nəfərin yaralandığı qeyd olunur.

Dağıstanda iyunun 24, 25 və 26-da matəm elan edilib. Bu barədə region rəhbərinin mətbuat xidmətinin Telegram kanalında məlumat yayılıb.

Qeyd olunur ki, Dağıstanda yerləşən mədəniyyət müəssisələri və televiziya və radio şirkətləri bütün əyləncə, əyləncə tədbirləri və proqramlarını ləğv edəcəklər.

“Dağıstan Respublikası hökumətinə həlak olanların ailələrinə və xəsarət alanlara yardım göstərmək üçün lazımi tədbirlər görmək tapşırılıb”, - məlumatda əlavə edilir.

 

 

Teqlər