Rusiyanın XİN rəsmisi Tbilisiyə yaşıl işıq yandırdı
Zaxarova: Rusiya Gürcüstanla münasibətləri normallaşdırmağa hazırdır
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, rəsmi Moskva Rusiya-Gürcüstan normallaşmasını davam etdirməyə hazırdır və bu istiqamətdə Tbilisinin istənilən təşəbbüsünü dəstəkləyir.
Gürcüstanın “Sülh Naminə Həmrəylik” partiyasının Gürcüstanla Rusiya arasında diplomatik münasibətlərin bərpasına çağırışı və Gürcüstanın belə bir təşəbbüs irəli sürəcəyi təqdirdə Rusiyanın razı olub-olmayacağı ilə bağlı suala Zaxarova belə cavab verib: “Biz inanırıq ki, münasibətlərin normallaşdırılması iki xalqın maraqlarına uyğun olacaq, biz Rusiya-Gürcüstan münasibətlərinin normallaşmasına yönəlmiş hər hansı təşəbbüsü dəstəkləyirik, biz bu yolla getməyə hazırıq”- sitatın sonu.
Zaxarova xatırladıb ki, diplomatik münasibətlərin kəsilməsi Rusiya tərəfindən deyil, “Saakaşvili rejimi tərəfindən” baş tutub. O qeyd edib ki, “O vaxtdan bəri ikitərəfli münasibətlərin bərpası regionda mövcud reallıqlara zidd olan şərtlərə məruz qalıb”.
Bundan əlavə, Zaxarova vurğulayıb ki, “2012-ci ildə Gürcüstan hakimiyyəti ikitərəfli münasibətlərin normallaşması prosesinə başlamaq təklifi ilə çıxış edib və Rusiya həmin vaxt bunu dərhal dəstəkləyib”.
O, Rusiyanın mövqeyini təkrarlayaraq qeyd edib: “Biz inanırıq ki, bu, ortaq tarix, mədəniyyət, sıx iqtisadi əlaqələr iki xalqın maraqlarına cavab verir”.